Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Soçi görüşü Cənubi Qafqazın ümumi inkişafı üçün yeni perspektivlər açdı

 

 

“Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbə diplomatik müstəvidə də ölkəmizin üstünlüyünü təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev güclü və məntiqli diplomatik potensialına əsaslanaraq ölkəmizin maraqlarını beynəlxalq aləmdə ləyaqətlə təmsil edir. Bu il noyabrın 26-da Soçi şəhərində Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə bir daha bunun şahidi olduq. Hər üç ölkə liderinin imzaladığı Bəyanat, görüşdə səslənən açıqlamalar Azərbaycanın maraqlarına tam cavab verir və qalib ölkə olaraq mənafeyinə uyğundur”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Soçi görüşünün siyasi dividentləri barədə mülahizələrinin davamında bildirdi:

–26 noyabr Bəyanatında Qarabağ adı­nın çəkilməməsi artıq bu münaqişənin tarixə qovşduğunu bir daha göstərdi. Həmin sənəddə Ermənistan tərəfinin iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmur. Sülhün və sabitliyin tərəfdarı olan Azərbaycan həmişə sərhədlərin qarşılıqlı olaraq tanınmasına, delimitasiya və demarkasiya prosesinə başlanıl­masına, eləcə də sülh müqaviləsinin imzalan­masına hazır olduğunu dəfələrlə ifadə edib və bu barədə bir sıra təkliflər irəli sürüb.

Bəyanatda Azərbaycanla Ermənistan ara­sında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması məsələsi ölkəmizin mənafeyini əks etdirir. Əminliklə deyə bilərik ki, nəticələr çox müsbətdir və Azərbaycan qarşısına qoyduğu məqsədlərinə çatıb.

Azərbaycan uzun illər münaqişənin si­yasi yolla həll olunmasına çalışdı, amma Ermənistanın işğalçı mövqeyi və danışıqlar prosesini pozan həm siyasi, həm də mütəmadi hərbi təxribatları bunun qarşısını alırdı. Növbəti hərbi təxribata cavab olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini heç bir kənar dəstək olmadan, özü təkbaşına yerinə yetirdi. Artıq münaqişənin tarixə qovuşması ilə pararel, yeni zəruri tələbatlar da yaranıb. Soçi görüşü bu mənada, təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ümumi inkişafı üçün də növbəti perspektivlər açdı.

AHİK sədri açıqlamasının davamında qeyd etdi ki, uzun illər davam etmiş münaqişə bölgə ilə yanaşı, regionun da inkişafına mənfi təsir göstərib:

–Qalib ölkə olan Azərbaycanın yaratdığı sülh və təhlükəsizliyə əsaslanan yeni reallıq­lar isə bütün region dövlətlərinin maraqlarına cavab verir. Burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizidir ki, onun açılmasında region dövlətləri də maraqlıdır. Avropanı Asiya ilə birləşdirən bu qısa yolun həm iqtisadi, həm də siyasi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı dəfələrlə hansı yolla olur-olsun dəhlizin açılaca­ğını bəyan edib. Ermənistan tərəfinin yaratdığı süni əngəllərə baxmayaraq, Prezident İlham Əliyevin düşünülmüş siyasəti bu hədəfə bizi bir qədər də yaxınlaşdırır.

Noyabrın 16-da Ermənistanın hərbi təxribatına layiqli cavabdan sonra bu ölkəni güzəştə məcbur edəcək əlavə reallıqlar yaranıb. 26 noyabr üçtərəfli görüşündə Azərbaycanın qazandığı diplomatik üstünlük bir daha göstərir ki, Zəngəzur dəhlizinin açılması o qədər də uzaqda deyil. Vladimir Putinin nəqliyyat dəhlizləri fikrini səsləndirməsi, eləcə də 26 noyabr Bəyanatında dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına dair bəndlər Moskva ilə Bakının maraqlarının üst-üstə düşdüyünü göstərir.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-ququculuq işləri uğurla və kompleks şəkildə həyata keçirilir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Şərqi Zəngəzura və Qarabağa hər səfərində biz buna şahid oluruq. İşlərin daha da sürətlə getməsinə mane olan məqamlardan biri ərazilərin mina­lanmasıdır ki, Ermənistan tərəfi hələ də mina xəritələrini tam şəkildə təqdim etməyib. Soçi görüşündə mina xəritələri məsələsinin müzakirə olunması da ölkəmizin növbəti uğurudur. Bu, onu göstərir ki, yaxın zamanlarda bu istiqamətdə də mühüm irəliləyişə nail olunacaq.

Milli Məclisin deputatı əlavə etdi ki, biz uzun illər münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini açıq-aydın görmüşük:

Bu qurum ikili standartlara söykənərək münaqişənin həllinə yox, davam etməsində daha çox maraqlı görünürdü. Bütün faktlar orta­da ola-ola, həm işğalçıya, həm də işğala məruz qalana eyni münasibət bəslənilirdi və bu qurum uzun illər heç bir tutarlı iş görə bilmədi. “Dağlıq Qarabağ münaqişəsi” artıq mövcud olmadığı üçün bu qurumun məşğul olacağı bir məsələ də qalmayıb, onun mövcudluğu lüzumsuz xarak­ter daşıyır. Həmsədrlərdən yalnız Rusiya bu məsələdə daha aktiv və təşəbbüskardır.

Bəyanatda ATƏT-in Minsk qrupunun adının çəkilməməsi, eləcə də status məsələsinin, ümumiyyətlə, müzakirə mövzusu olmaması Azərbaycanın bilavasitə diplomatik qələbəsidir. Bu qələbənin təmin olunmasında 16 noyabr tarixində sərhəddə erməni təxribatının qarşısı­nın alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi mühüm rol oynadı.

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

1 Декабря 2021 01:29 - Политика
Политика

Köhnə versiyamızdan xəbərləri izlə