Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Gəncə terroru zamanı hər iki valideynini itirmiş qız tələbə adını qazandı

Onu ilk təbrik edən isə şəhər icra hakimiyyəti oldu

Sevilin həmin gün sevincinin həddi-hüdudu yox idi. Zarafat deyil, çoxdan arzusunda olduğu aqrar universitetin aqrar iqtisadiyyatı fakültəsinə daxil olmuş, tələbə adını qazanmışdı. Amma daxilindəki kədər onu bu sevinci bölüşməyə imkan vermirdi. Fikirləşirdi ki, indi atam, anam sağ olsaydılar, yəqin ki, məni ilk təbrik edən də onlar olacaqdı. Həmin gecənin dəhşətləri gəlib dayandı gözləri önündə. Erməni vəhşilərinin Gəncəyə atdıqları raket onun gənc valideynlərini əlindən almışdı, həyatlarına son qoymuşdu…

Telefonunun zəngi onu ağır, dəhşətli, kədərli xəyallarından ayırdı. Zəngin şəhər icra hakimiyyətindən olduğunu bildirdilər və dedilər ki, rəhbərlik onu qəbul edəcək.

...Şəhər icra hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Gəncə İş Adamları İctimai Birliyinin sədri Zəfər Məmmədov, təhsil idarəsinin müdiri Anar Qədiməliyev və başqaları da bura­da idilər. Səməd müəllim üzünü Sevilə tutaraq dedi ki, ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehri­ban xanım Əliyeva şəhid ailələrini daim diqqət mərkəzində saxlayır. Siz və digər şəhid övladları artıq bütün xalqın övlad­larısınız, siz tək deyilsiniz.

S.Tomuyev daha sonra şəhər rəhbərliyi adından Sevili təbrik edərək ona gül dəstəsi ilə yanaşı, bir planşet də bağışladı.

Tədbir iştirakçılarının hər biri Sevil Əliyevanı tələbə adı qazanması münasibətilə təbrik etdilər, ona Vətənə layiq övlad olmağı arzuladılar.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

21 Сентября 2021 00:26 - Политика
Политика

Köhnə versiyamızdan xəbərləri izlə