Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: Azərbaycanın çox güclü daxili potensialı var

 

 Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Daşkəsən, Naftalan, Goranboy rayonlarında və Gəncə şəhərində olub, bir sıra obyektlərin açılı­şında iştirak edib, Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücum­larının səbəb olduğu cinayət səhnələri ilə tanış olub. Hələ yadımız­dan çıxmayıb ki, düşmənin Azərbaycanın ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından 100 kilometrdən artıq məsafədə yerləşən Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Prezident İlham Əliyev həlak olmuş dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, tamamilə dağılmış yaşayış binalarının ətrafına gül düzüb.

 

 

 Səfər çərçivəsində Prezident İlham Əliyev Azərbaycan Televi­ziyasına müsahibə verərək, son zamanlar ölkəmiz ətrafında baş verən siyasi prosesləri geniş şərh edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin təşəbbüsü ilə daha bir il uzadılması ilə bağlı məlumat verən dövlət başçısı bildirib ki, bunun bir neçə səbəbi var. Birinci növbədə, Azərbaycanın sədrliyi dövründə bütün üzv ölkələr görüblər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürüb. Azərbaycan lideri bəyan edib ki, üzv ölkələrin maraqlarının müdafiəsi üçün hər şeyi edəcək, beynəlxalq hüququ və ədaləti müdafiə edəcək. Ötən müddət ərzində rəsmi Bakı öz vədlərinə lazımınca əməl edib. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ müharibəsidir.

Bununla bağlı dövlət başçısı qeyd edib: “Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Əlbəttə ki, bu tarixi Qələbə bütün üzv ölkələr tərəfindən bizə olan hörməti daha da artırdı. Eyni zamanda, biz sədrliyimizə çox böyük məsuliyyətlə yanaşmışıq. Mən sədrliyimizin ilk aylarında demiş­dim ki, biz buna formal yanaşmırıq. Çünki Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olubdur. Bəziləri buna laqeyd yanaşıblar. Sadəcə olaraq, necə deyərlər, bir status kimi formal yanaşırdılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribu­nalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər”.

Prezident deyib ki, Azərbaycan bütün vasitələrlə üzv ölkələrə kömək edir. Bütün bu amillər və 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz ölkəmizə olan hörməti daha da artırıb və üzv ölkələr görüblər ki, Azərbaycan Qoşulmama Hərəkatına bir il də sədrlik etsə, 2023-cü ilə qədər hərəkatın nüfuzu daha da artacaq, təsir imkanları genişlənəcək. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, Qoşulmama Hərəkatının Zirvə görüşündə Avropa İttifaqının yüksəkvəzifəli şəxsi - xarici siyasət üzrə xüsusi nümayəndə iştirak edib. Azərbaycan lideri Qoşulma­ma Hərəkatının digər beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələsini bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə də müzakirə edib. Bu əməkdaşlığın böyük perspektivləri var.

Şarl Mişelin ölkəmizə səfəri haqqında danışan dövlət başçısı onu yüksək qiymətləndirib. Qeyd edib ki, bu, Avropa İttifaqı-Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfərdir. Mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. İllər keçdikcə əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. Əgər fəal əməkdaşlıq enerji məsələlərindən başlamışdısa, indi daha geniş sahəni əhatə edir. Bu gün Azərbaycanın təşəbbüsü ilə inşa edilmiş Cənub Qaz Dəhlizi həllini tapıb. Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının sədri Azərbaycan və Avropa İttifaqıdır. Ona görə siya­si nöqteyi-nəzərdən bu səfərin çox böyük əhəmiyyəti var: “Mən cənab Mişelə də görüş zamanı bildirdim ki, bizim 9 üzv ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər – ya sazişlər, ya bəyannamələr qəbul edilib və imza­lanıb. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Bu, nə deməkdir? Demək, Avropa İttifaqının üçdəbir hissəsi Azərbaycanı strateji tərəfdaş hesab edir”.

Prezident İlham Əliyev bildirib ki, Avropa İttifaqı və Azərbaycan ha­zırda yeni saziş üzərində çalışırlar. Sazişin 90 faizi razılaşdırılıb və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, saziş yaxın aylarda imzalana bilər. Ticarət sahəsində də Azərbaycanın əsas tərəfdaşı Avropa İttifaqıdır – təxminən 40 faiz. İxracla bağlı da əsas tərəfdaşımız Aİ-dir. Biz Avropa İttifaqına ildə 6,8 milyard dollarlıq məhsul ixrac edirik. İdxal isə təxminən 2,5 milyard dollardır.

Bundan əlavə, Şarl Mişel Azərbaycanda olarkən Şamaxı şəhərinə səfər edib, Cümə məscidində olub. Prezident Aİ rəsmisinin tarixdə ilk dəfə Azərbaycanın regionuna səfərini çox yüksək qiymətləndirib. Onun fikrincə, bu, çox gözəl bir mesajdır, gözəl jestdir. Şamaxıda ona Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının gələcək fəaliyyəti və turizm imkanları ilə bağlı təqdimat edilib. Bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Komissiyasının genişlənmə üzrə komissarı da Ələt Dəniz Ticarət Limanına baş çəkib. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı Azərbaycanı artıq nəinki önəmli nəqliyyat, logis­tika mərkəzi kimi tanıyır, həm də ölkəmizin potensialına da arxalana bilir. Ancaq Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi ilə bağlı təşəbbüs irəli sürəndə Avropa Azərbaycanı dəstəkləməmişdi. ABŞ isə bunun əleyhinə çıxmışdı. Ermənistana görə. Amma Azərbaycan, Türkiyə, Gürcüs­tan bunu bacardı.

Azərbaycan Prezidenti Şarl Mişe­lin Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və “status” sözlərini işlətməməsi, eləcə də İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətməsi ilə bağlı bildirdi ki, bu vəziyyət Ermənistanda böyük məyusluğa səbəb olub. Çünki onlar hələ də müharibədən tam nəticə çıxarmayıb­lar: “Onlar İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır”.

Prezident Ermənistanın yenə də xülyalarla ya­şadığını bəyan edib. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Azərbaycanın tarixi Zəfəri onların bütün ideoloji sütunlarını darmadağın edib. Onlar 30 il ərzində özləri haqqında olmazın yalanlar uydurub­lar, guya onların yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır: “Bəs nə oldu? Məhv etdik, dar­madağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır”.

Azərbaycan lideri xəbərdarlıq edib ki, Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları İkinci Qarabağ müharibəsi zamanı onlara çox baha başa gəlib: “Şarl Mişelin statusu, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ”.

Prezident izah edib ki, “Dağlıq Qarabağ” sözündən münaqişəyə görə istifadə olunub. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra isə, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur: “Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və ora­da qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”.

Cənab İlham Əliyevin fikrincə, sovet hökuməti süni şəkildə Azərbaycanın içində bir münaqişə ocağı yaradıb – Dağlıq Qarabağ Muxtar Vilayəti. İndi isə tarix hər şeyi yerinə qoyub. Bu gün orada yaşayan­ların sayı artıq göstərilsə də, cəmi 25 min adam yaşayır. Azərbaycan müxtəlif texniki vasitələrlə, peykimizlə bunu dəqiq müəyyənləşdirib: “Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır... 25 min insan üçün sta­tus yaratmaq hansı məntiqə sığır?.. Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb”.

Prezident onu da bildirib ki, əgər kimsə status vermək istəyirsə, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir?

Prezident Avropa İttifaqının Ermənistana 2,6 milyard avro vəsait ayırması məsələsinə də münasibət bildirərək deyib ki, bu, ədalətsiz mövqe­dir. Çünki Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir həm ərazisi, həm əhalisi, həm də poten­sialı baxımından. 30 ildir ki, müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır. Ona görə də bu vəsait Azərbaycana verilməlidir: “10 min kvadratki­lometr ərazi tamamilə dağıdılıb, erməni vandalları tərəfindən məhv edilib. 100 minlərlə mina döşənilib və bütün binalar, tarixi binalar, bütün infrastruktur məhv edilib. Amma pulu verirlər Ermənistana… Avropa İttifaqı ilə növbəti təmaslar əsnasında bu məsələni daim müzakirə edəcəyik, baxacağıq Ermənistana nə qədər qrant verilirsə, ən azı o qədər də bizə verilməlidir. Əgər verilmirsə, qoy desinlər nə üçün? Qoy desinlər ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər”.

Dövlət başçısı Rusiya səfəri və Prezident Vla­dimir Putinlə görüşü haqqında da ətraflı məlumat verib, səfərin nəticələrini müsbət qiymətləndirib. Onun sözlərinə görə, Rusiya Prezidenti ilə həm ikitərəfli məsələlər, həm də postmüharibə vəziyyəti ilə bağlı çox geniş fikir mübadiləsi aparıb. Bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. Hazırda yeddi yol xəritəsi üzərində iş gedir. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqti­sadi, nəqliyyat, humanitar məsələlər müzakirə edilib. “Şimal-Cənub” nəqliyyat dəhlizi, perspektivlər, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyət, o cümlədən, Zəngəzur dəhlizi və postmünaqişə dövrü ətrafında fikir mübadiləsi aparılıb. Fikir ayrılığı olmayıb. Hər iki ölkə hesab edir ki, müharibə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalı­dır. Ermənistan dəmir yolunun Zəngəzur dəhlizindən keçməsinə razılıq verib. Müharibədən sonra isə buna etiraz edib: “Hər halda bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”.

Prezident deyib ki, indi Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfər edib, münasibətlər inkişafdadır. Rusiyaya mənim səfərim olub və müzakirə zamanı – bizim görüşümüz bir neçə saat davam etmişdir – bir dənə də olsun mübahisəli məsələ olmayıb. Bir dənə də olsun narahatlıq doğuran məsələ olmayıb. Türkiyə ilə biz iyun ayında müttəfiqlik haqqında Bəyannamə imzaladıq, əlaqələrimizi daha da yüksək səviyyəyə qaldırdıq. Digər qonşu ölkələrlə – İran və Gürcüstanla dost­luq əlaqələrimiz güclənir. Qoşulmama Hərəkatı bizə növbəti mandat verib, növbəti dəstək göstərib. Azərbaycan da daxil olmaqla, bu təşkilatda 120 ölkə birləşir. İslam Əməkdaşlıq Təşkilatı daim bizi dəstəkləyir – həm işğal dövründə və həm də müharibədən sonra. İslam Əməkdaşlıq Təşkilatının baş katibi xüsusilə bu dəstəyi ifadə etmək üçün Azərbaycana gəlmişdir. Görün, bütün aparıcı dünya gücləri ilə bizim əlaqələrimiz nə dərəcədə səmimidir, səmərəlidir və bizim məqsədlərimizə cavab verir. Səbəb nədir? Səbəb bizim düzgün siyasətimizdir, səbəb bizim dürüstlüyümüzdür, sözlə imza arasında­kı vəhdətdir və səbəb bizim daxili gücümüzdədir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

24 Июля 2021 00:59 - Политика
Политика

Köhnə versiyamızdan xəbərləri izlə