Köhnə versiya

П.новости

Son buraxılış
Arxiv

Tələbələr Cocuq Mərcanlıda pedaqoji təcrübə keçəcəklər

Bakı Slavyan Universitetinin (BSU) IV kursda təhsil alan bir qrup tələbəsi könüllü olaraq Aprel döyüşləri nəticəsində yenidən dinc həyata qayıdan Cocuq Mərcanlı kənd orta məktəbinə pedaqoji təcrübəyə yollanacaq.

BSU-nun mətbuat xidmətinin əməkdaşları təcrübədən əvvəl tələbələrlə görüşmüş və onların fikirlərini öyrənmişlər. Tələbələrin təcrübə rəhbəri rus dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Ərkinaz Məmmədhəsənzadə pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim kimi dəyərləndirib. Öncəki illərdə dəfələrlə cəbhə bölgəsində yerləşən məktəblərdə BSU tələbələrinin pedaqoji təcrübəsinə rəhbərlik etdiyini bildirən Ə.Məmmədhəsənzadə deyib: “Mən əvvəllər də tələbələrimizlə birgə Ağdam və Cəbrayıl rayonlarında yerləşən orta məktəblərdə olmuşam. Həmin məktəblərin rəhbərlikləri və şagirdlər BSU tələbələrindən razı qalıblar. Budəfəki təcrübəmizdə uğurlarımız daha çox olacaq. Xüsusi həssas bölgədə pedaqoji təcrübəyə rəhbərlik etməyimin səbəbini yalnız bu sözlə ifadə edə bilərəm: Vətən sevgisi!”
Görüş çərçivəsində Cocuq Mərcanlıya pedaqoji təcrübə keçmək üçün könüllü yolanan tələbələrin də fikirləri dinlənilib. Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Samir Abdulov cəbhə bölgəsində yerləşən məktəblərdə təcrübə keçməyin daha şərəfli olduğunu deyib: ”Bütün Azərbaycan torpaqları bizim üçün əzizdir. Ancaq Cocuq Mərcanlıda keçəcəyim təcrübəylə bağlı istəklərim çoxdur. Əsas məqsədim orada yaşayan uşaqlarda gələcəyə inam yaratmaq, o cümlədən ictimai-sosial işlərdə fəal olmaqla bağlı onları maarifləndirməkdir. Yaxın gələcəkdə bütün işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, həmin ərazilərdə potensiallı gənclər üçün belə imkanlar yaradılacağına inanıram”.
Azərbaycan filologiyası və jurnalistika fakültəsinin IV kurs tələbəsi Leyla Hacıyeva da öz təəssüratlarını görüş iştirakçıları ilə bölüşüb: “Mən əvvəlcə Bakı məktəblərindən birində pedaqoji təcrübə keçmək istəyirdim. Təcrübə keçəcəyimiz məktəblərin siyahısı bizə təqdim olunanda Cocuq Mərcanlı kənd məktəbinin də siyahıya salındığını gördüm. Bu fürsəti dəyərləndirib qərarımı dəyişdim. Hərbçi ailəsində doğulduğum üçün orada qarşılaşa biləcəyim çətinlikdən qorxmuram. Cocuq Mərcanlı kənd məktəbində yaradılan şəraitlə bağlı dolğun məlumat aldım. Torpaqlarımızın Azərbaycan Ordusu tərəfindən necə qorunduğu hər kəsə məlumdur. Buna görə də heç bir narahatlığım yoxdur”.
Pedaqoji fakültənin təhsildə sosial psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Kamilə Abbasova digər tələbələrdən fərqli olaraq Cocuq Mərcanlı kənd məktəbində istehsalat təcrübəsi keçəcək. K.Abbasova bildirib ki, xüsusi həssas bölgədə yaşayan uşaqların psixoloji dəstəyə, motivasiyaya daha çox ehtiyacları var: “Məktəbdə oxuduğum vaxtlardan ən böyük arzum cəbhə bölgəsində yerləşən kəndlərdə müəllim kimi işləmək olub. Çünki mən də Cəbrayıl rayonunda doğulmuşam. Aprel döyüşlərində qohumlarım iştirak ediblər. İstehsalat təcrübəmin Aprel döyüşləri dövrünə düşməsi məni sevindirir. Bu şəraiti bizim üçün yaratdığına görə dövlətimizə və BSU rəhbərliyinə minnətdaram”.

 

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

3 Апреля 2019 23:47 -

Köhnə versiyamızdan xəbərləri izlə