Pandemiya dövründə göstərdiyi dəstək üçün ADRA mükafatlandırılıb

XƏBƏRLƏR
17 Mart
16:49

Pandemiya dövründə göstərdiyi dəstək üçün bir qrup hökumət nümayəndəsinə və iş adamına “Caspian Energy Club” tərəfindən təşəkkürnamələr təqdim edilib. Təltif olunanlar arasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyəti sədrinin müavini Orxan Əliyev də var.

ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsindən verilən məlumata görə, təqdimat mərasimində bildirilib ki, “Caspian Energy Club” pandemiya dövründə onlayn və oflayn formatda çoxsaylı tədbirlər keçirib. Belə həssas dövrdə dövlət qurumları sahibkarların müraciətlərinə daha diqqətlə yanaşaraq, onlara operativ reaksiya veriblər. “Caspian Energy Club”un tədbirlərində iştirak edən hökumət nümayəndələrinin dəstəyi nəticəsində bir çox şirkətlər vergiləri, kreditləri hissə-hissə ödəmək imkanı əldə edib, xarici bazarlara çıxışla bağlı müvafiq dəstək alıblar. Bu da onlara iflas vəziyyətindən çıxmağa imkan verib. Eyni zamanda COVID-19 pandemiyası dönəmində fəaliyyətini dayandırmış sahibkarlıq subyektlərinin daha az maliyyə itkiləri ilə çıxmaları üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş dövrlər və sahələr üzrə tam və ya qismən işləməyən obyektlərin üzərində yerləşdirilən reklamlar yayımlanmamış hesab olunub.

Təltif edilən fəxri qonaqlar və klub üzvləri çıxışlarında hökumət rəsmilərinin onların problemlərinin həlli üçün verdiyi dəstəkdən razılıqlarını ifadə ediblər. “Caspian Energy Club”un biznes qurumları ilə dövlət orqanları arasındakı bu əməkdaşlıq formatının bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə edilib.

Qeyd edək ki, “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər, Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən nəhəng regional təşkilatdır.

XƏBƏRLƏR bölməsi