“Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası”

Son illər Tərcümə Mərkəzi dünyanın görkəmli yazarlarının əsərlərini Azərbaycan dilində nəşr edir. Bu yaxınlarda isə mərkəz Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabını Fərhad Abdullayevin tərcüməsində çapdan buraxmışdır.
Məlumat üçün bildirək ki, kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2013-cü ildə rus dilində işıq üzü görüb.
Kitab igid partizanın tarixi qəhrəmanlıqlarının şahidi olmuş sloveniyalıların dili ilə söylənən xatirələr, sənədli mətn və materiallar əsasında tərtib edilib.
“Ön söz”də deyilir: “Əsərdə müəllif Mehdi Hüseynzadənin uşaqlıq, gənclik illərini, Böyük Vətən müharibəsində onunla bağlı olan və indiyədək qaranlıq qalan qəhrəmanlıq səhifələrini oxucunun gözləri qarşısında bir sənətkar ustalığı ilə açır. Əsərdə uzun illər ərzində toplanmış nadir faktlar əsasında əfsanəvi partizanın keçdiyi döyüş yolu geniş işıqlandırılır, onun silah və əqidə dostlarının fəaliyyətindən ətraflı bəhs edilir. Nəticədə igid döyüşçünün müharibə illərində sloven, italyan, sovet partizanlarını heyran qoyan, almanları vahiməyə salan qəhrəmanlıq epizodları ilə tanış oluruq. Kitabda xüsusi xidmət orqanlarının arxivlərindən, şahid xatirələrindən, sənədli-publisistik əsərlərdən və yazıçının öz araşdırmalarından geniş istifadə olunub. Mixaylonun təxribat əməliyyatları arxiv sənədləri əsasında təsvir edilib, bir çox faktlar və şəxs adlar dəqiqləşdirilib.
Peter Amaliettinin kitabında qəhrəman Mixaylo barədə bildiyimiz və bilmədiyimiz bir çox məqamlar yenidən araşdırılıb, müharibə illərində Sloveniyada baş verən ictimai-siyasi proseslərə qiymət verilib. Maraqlıdır ki, əsərdə Mixaylo həm faşistlərə qarşı mübarizə aparan partizan, həm də Sloveniya milli-azadlıq hərəkatının sadiq əsgəri kimi qələmə alınıb. Yazıçı öz qəhrəmanının dili ilə Azərbaycan və Sloveniya arasında tarixi paralellik aparır, hər iki xalqın təcavüzə, soyqırımına məruz qaldığına, azadlıq və müstəqillik uğrunda mücadilə apardığına dair konkret faktlar göstərir.
Məlumat üçün bildirək ki, Azərbaycan yazıçıları Həsən Seyidbəyli və İmran Qasımov da “Uzaq sahillərdə” povestini Mehdi Hüseynzadəyə həsr etmişlər.
Həmin povest əsasın eyniadlı film də çəkilmişdir.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

