KİV: ABŞ Ukraynadakı səfirliyinin bəzi əməkdaşlarının təxliyəsini planlaşdırır

Son günlər ABŞ və Rusiya rəsmiləri arasında Ukrayna ilə bağlı ixtilafların həlli istiqamətində diplomatik səylər davam etdirilir. Bununla bərabər, regionda geniş miqyaslı müharibənin başlaya biləcəyi istisna olunmur.
Bu arada məlum olub ki, ABŞ-ın Ukraynadakı səfirliyi Dövlət Departamentindən ailələrin və qeyri-vacib işçilərin ölkəni tərk etməsinə icazə verməsini xahiş edib. Vaşinqton çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq.
Bu barədə CNN telekanalının müxbiri Metyu Şans özünün “twitter” səhifəsində bildirib. “ABŞ-ın Kiyevdəki səfirliyi bu gün (dünən – müəllif) Dövlət Departamentindən qeyri-vacib işçilər və ailələrin səfirliyi tərk etməsinə icazə verməyi xahiş edib. ABŞ Ukraynaya məlumat verib ki, “çox güman ki, gələn həftə evakuasiyaya başlayacaq”, - deyə media sözçüsü yazıb.
Yeri gəlmişkən, bundan əvvəl “Bloomberg” agentliyi vəziyyətin gərginləşməsi fonunda ABŞ-ın Ukraynadakı amerikalı diplomatların ailə üzvlərini təxliyə edib-etməmək məsələsini nəzərdən keçirdiyini bildirmişdi.
UNİAN agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Ukraynadakı səfirliyində hazırda 180 amerikalı və 560 Ukrayna vətəndaşı çalışır. Bu rəqəmlərə səfirlik əməkdaşlarının ailə üzvləri aid deyil. Deməli, bütövlükdə, səfirlikdə yaşayan amerikalıların sayı daha çoxdur.
Bir müddət əvvəl nüfuzlu “The New York Times” qəzeti Rusiyanın Ukrayna səfirliyində işləyən vətəndaşlarının ailələrini təxliyə etməyə başladığı barədə məlumat yaymışdı. Lakin Rusiya XİN-in rəsmisi bu xəbəri təkzib etmişdir.
M.HACIXANLI,
“Xalq qəzeti”
