Rusiya Belarusa iki “S-400” zenit-raket kompleksi göndərib

RİA “Novosti” agentliyinin yaydığı məlumata görə, Rusiyanın Xabarovsk diyarından Belarusa iki “S-400” hava-hücumundan müdafiə zenit-raket kompleksi batareyası göndərilib.
Mənbə Rusiya Müdafiə Nazirliyinə istinadən yazır ki, kompleks dəmiryolu vasitəsi ilə yola salınıb.
Bir müddət əvvəl Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin ölkəsinə müttəfiq respublika olan Belarusa 12 ədəd “Su- 35”, 2 “S-400” batareyası və “Pansir-S” zenit-raket kompleksi divizionu göndərəcəklərini bildirmişdi.
Məlumata görə, təlim tapşırıqlarının yerinə yetirildiyi ərazilərdə Rusiya hərbiçiləri Belarusla Rusiyanın Vahid Regional Hava Hücumundan Müdafiə Sisteminin tərkibində atış mövqelərini təchiz edəcək, texniki xidmət göstərəcək və döyüş hazırlığı tapşırıqlarını yerinə yetirəcək. Təlimlər iki mərhələdə keçiriləcək. Birincisi fevralın 1-9-dək hazırlıq mərhələsidir. Təlimlərin ikinci mərhələsi “Qətiyyətli ittifaq-2022” adı altında keçiriləcək və fevralın 10- dan 20-dək davam edəcək.
Rövşən TOĞRUL,
“Xalq qəzeti”
