Şuşa şəhərindəki tarix-memarlıq abidələrinin kataloqu hazırlanıb

MƏDƏNİYYƏT
22 Yanvar
09:53

Mədəni İrsin Qorunma­sı, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında bu barədə məlumat verib.

Onun sözlərinə görə, kataloqda bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr öz əksini tapıb: "Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və rege­nerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, bərpa statusu və risk faktorları, onla­rın qorunması üçün təcili mühafizə tədbirləri, tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır".

Şuşa şəhərində yerləşən abidələrin elektron xəritəsi tərtib edilib. Aparılan monitorinq çərçivəsində 45 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdı­rılıb. Eyni zamanda, “Şuşa–Azərbaycan Mədəniyyətinin Paytaxtı” adlı nəşrin çap olunması ilə bağlı işlər aparılır.

Şuşa və Ağdam şəhərlərində yerləşən abidələr monitorinq olunub, təxirəsalınmaz mühafizə işlərinin aparılması zəruri olan bir sıra xüsusi əhəmiyyətə malik abidələr müəyyən edilib, siyahıları hazırlanıb.

Dövlət xidmətinin əməkdaşları tərəfindən mövcud xəritə və arxiv sənədlər əsasında Şuşa şəhəri ərazisində yerləşən abidələr inventarlaşdırıla­raq mövcud vəziyyətlərinə uyğun təsnifatlaşdırılıb, həmçinin koordinat­ları dəqiqləşdirilib və fotoşəkilləri hazırlanıb.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi