BSU-da anım tədbiri

20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirində BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev bildirib ki, gənc nəsil 20 Yanvar faciəsini, bütövlükdə həmin dövrdə keçmiş Sovet İttifaqında baş vermiş hadisələri dərindən öyrənməlidir. 1988-ci ildən başlayaraq öz müstəqilliyinə doğru gedən Azərbaycan xalqına qarşı ciddi təhdidlər yaranmışdı.
Nəticədə 1990-cı il yanvarın 19-dan – 20-nə keçən gecə Bakıya sovet qoşunu yeridildi. Lakin Azərbaycan vətəndaşlarını kütləvi şəkildə gülləbaran edən sovet imperiyasının rəhbərliyi xalqın milli-azadlıq hərəkatını çökdürə bilmədi.
A.Nağıyev bildirmişdir ki, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev hüquqi-siyasi qiymət verdi. Yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn və dəhşətli qətliamı kəskin pisləyən bəyanatla çıxış edən ulu öndər bununla həmişə öz doğma xalqı ilə birgə olduğunu sübut etdi. Xalqımızın milli-azadlıq hərəkatının mühüm mərhələsi olan 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə qovuşmasında müstəsna rol oynadı. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da Milli Məclisdə 20 Yanvar faciəsinə dolğun hüquqi-siyasi qiymət verildi. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərlə bütün şəhidlərimizin qisası alındı.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə fikirlərini bölüşdü.
Sonra “20 Yanvara aparan yol” mövzusunda məruzə ilə çıxış edən Elmi-tədqiqat layihələri laboratoriyasının azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov həmin hadisələrin canlı şahidi kimi faciə ilə bağlı faktları, statistik məlumatları diqqətə çatdırdı.
O, xüsusi olaraq vurğulamışdır ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. O, xalqımızın tarixinə şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı.
Daha sonra Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Xanım Gülbalayeva “Qanlı Yanvar şəhidlərini unutmarıq!”, həmin fakültənin tələbəsi Günel Məmmədova “İlham və Fərizə dastanı” adlı videosüjet təqdim etdilər. BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri isə 20 Yanvar faciəsini əks etdirən şeir və mahnılar səsləndirdilər.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

