Milli musiqimizin mötəbər himayəçisi

MƏDƏNİYYƏT
19 Yanvar
05:02

(əvvəli qəzetin 18 yanvar 2022-ci il tarixli sayında)

Azərbaycanın qədim tarixlərdən gələn milli musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmişdir. Bu mərkəzlə yanaşı, milli muğam sənətimizlə mənəvi uyarlıq təşkil edən orijinal Xalça Muzeyi yaradılmışdır. Milli muğam sənətimizin ulu məkanlarından olan Qarabağda–Ağcabədidə, Füzulidə və Ağdamda da Muğam mərkəzləri yaradılmışdır.

Mehriban xanımın təşəbbüsü ilə Bakı­da keçirilmiş Beynəlxalq Muğam Dünyası festivalları Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və yayılması işində ciddi ad­dımlar olmuşdur. Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində Muğam Televiziya müsabiqələrinin keçirilməsi də ölkəmizdə və dünyada böyük maraq və rəğbətlə qarşılanmışdır.

Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi və 2009-cu ildən etibarən keçirilən respub­lika muğam müsabiqəsi və Beynəlxalq Muğam Festivalı Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırmış və onları məşhurlaşdırmaqla yeni uğurlara həvəsləndirmişdir. Yüksək səviyyədə təşkil edilmiş, konkret hədəflərə yönləndirilmiş bu festival və müsabiqələr həm də milli muğam musi­qimizi beynəlxalq aləmdə populyarlaşdır­mışdır. Məhz belə nüfuzlu sənət aksiya­larının uğurlu nəticəsidir ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunmuşdur. Bu, Azərbaycan muğa­mının tanıdılması istiqamətində Mehriban xanımın rəhbərliyi ilə görülən işlərin miq­yasından və uğurundan xəbər verir.

Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən “Multimedia” dərs vəsaiti də Mehriban xanımın muğama qayğısı­nın bariz ifadəsidir. 8 diskdən ibarət bu elektron dərs vəsaiti olduqca nəfis şəkildə tərtib olunmuş və muğamı öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Heydər Əliyev Fondunun muğamla bağlı nəşrləri, tariximizə, mədəniyyətimizə işıq salan kitablar Azərbaycan mədəniyyətinin təbliği və qorunmasında qiymətli mənbə və vasitələrdir.

“Qarabağ xanəndələri” musiqi al­bomunun nəfis şəkildə nəşri də fondun ən diqqətəlayiq layihələrindən biri kimi ölkəmizdə və xaricdə böyük əks-səda yaratmışdır. 24 muğam ustasının ifasın­da səslənmiş muğamların toplandığı bu musiqi albomu həm də Azərbaycanın haqq səsinin, Qarabağ dərdinin musiqinin – muğamın dili ilə dünyaya çatdırılması demək idi.

Qəbələ Beynəlxalq Musiqi festivalları isə dünya musiqisi incilərinin Azərbaycan auditoriyasında populyarlaşdırılması ilə mötəbər musiqi körpüsünə çevrilmişdir. Hər il Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu beynəlxalq festivalı Şərq və Qərb musiqisini, eləcə də məşhur ifaçıları, bəstəkarları bir araya gətirir. Festivala gələn çoxsaylı xarici qonaqlar, eyni zamanda, Azərbaycan musiqisinin gözəl inciləri ilə tanış olur, ölkəmizin mu­siqi mədəniyyəti barədə aydın təsəvvür qazanırlar.

Xatırladım ki, 2010-cu ilin iyulunda Qəbələdə II Beynəlxaq Musiqi festiva­lında iştirak edən UNESCO-nun Baş direktoru İrina Bokovanın Heydər Əliyev Fondunun prezidenti, rəhbərlik etdiyi qurumun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təqdim etdiyi “Qı­zıl Motsart” medalı onun bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılması işinə sədaqətinin, mədəniyyətlərarası dialoqun inkişa­fı naminə göstərdiyi səylərin, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə göstərdiyi xidmətlərin beynəlxalq ölçüdə dəyərləndirilməsi idi.

Onu da bildirim ki, Mehriban xa­nım Əliyeva, demək olar ki, bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işğal­çı Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi Qarabağda mədəni irsimizə ciddi ziyan vurmasından, tarixi yerlərimizi bərbad hala salmasından dönə-dönə, faktlarla danışmış və dün­ya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırmış­dır: “Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün, bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri məhv edilmişdir”.

Mehriban Əliyevanın gənc istedadlara qayğısı da ayrıca söhbətin mövzusudur. Gənc istedadlarımız, musiqi qrupları, “Azərbaycanın xoşməramlı mələkləri” dəfələrlə Parisdə UNESCO-nun iqamətgahında uğurla çıxış etmişlər. Azərbycanın “Avroviziya” mahnı müsabiqəsində iştirakı, az sonra davamlı olaraq qazanılan qələbələr və nəhayət, 2012-ci ildə bu nüfuzlu beynəlxalq müsiqi yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi də Mehriban xanım Əliyevanın müstəsna xidmətidir. Onun rəhbərlik etdiyi təşkilat komitəsinin uğurlu fəaliyyəti nəticəsində “Avroviziya–2012” müsabiqəsi bu mötəbər musiqi yarışma­sının tarixinin ən möhtəşəm şoularından biri kimi yaddaşlarda qalmışdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan müsiqisinə hədsiz sevgi-sayğısı onun rəsmi instaqram səhifəsində 18 Sentyabr Milli Musiqi günü münasibətilə etdiyi paylaşımda da parlaq əksini tapmışdır: “18 sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müs­lüm Maqomayevin əziz xatirəsini ehtiram­la yad edirəm.

Azərbaycan xalqı milli musiqi mədəniyyətimizin inkişafına və dünya­da tanıdılmasına töhfə vermiş görkəmli bəstəkarlar, dirijorlar, ifaçılar nəsli ilə haqlı olaraq fəxr edir. Öz sələflərinin nadir irsinə bağlılığı qoruyub saxlamaqla musiqimizi yeni səslər, ifalar və yanaş­malarla zənginləşdirən bütün musiqiçilərə təşəkkürümü bildirirəm. Sizin hamınıza tükənməz ilham, enerji, yaradıcılıq uğur­ları və nailiyyətlər arzulayıram!”.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən biri də dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günlərinin təşkilidir. 2013-cü ilin iyul ayında fondun təşkilatçılığı ilə Fransada keçirilən “Azərbaycan Kannda” mədəniyyət günlərinin rəsmi açılışında iştirak edən Mehriban xanım Əliyeva çıxışında mədəniyyəti insan­ları və xalqları bir-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitə adlandır­mışdır: “Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”.

Azərbaycan Prezidenti İlham Əliyevin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Qarabağ bölgəsinə 2018-ci il noyabrın 5-dəki, mənim də iştirakçısı olduğum, səfərindən ayrıca söz açmaq istəyirəm. Bu səfərin ölkənin müsiqi tarixinə yazılmış unudulmaz hadisəsi Ağdam Muğam Mərkəzinin açılı­şı, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın bu mərkəzdə ölkəmizin bir qrup muğam ustadı ilə səmimi görüşü, söhbəti oldu. Həmin tarixi mərasimin işti­rakçısı olmağım və orada çıxış etməyim 60 ildən artıq müddəti əhatə edən sənət bioqrafiyamın ən qiymətli hadisələrindən biridir.

Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı, Ağcabədi və Füzuli şəhərlərində ucal­dılmış muğam mərkəzlərdən dördüncü­südür. Muğam tarixən bu sənətin beşiyi sayılan Qarabağı şöhrətləndirmişdir. Ağdamda belə bir mədəniyyət məbədinin yüksəlməsi də böyük rəmzi məna daşıyır. Ölkə rəhbəri muğam ustadları ilə görüşü zamanı fondun bu təşəbbüsünü yüksək qiymətləndirərək bildirdi: “Bu gözəl, möhtəşəm bina bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti öz milli sənəti olan muğama çox böyük sevgi ilə yanaşır. Bu Muğam Mərkəzində həm məşhur ifa­çılarımız öz məharətlərini göstərəcəklər, həm də gənclər muğam sənətinə cəlb ediləcəklər. Bir sözlə, bu mərkəzin çox böyük əhəmiyyəti, çox böyük mənası var”.

Həmin görüşdə Prezident İlham Əliyev Mehriban xanımın muğama göstərdiyi diqqətin bütün cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildiyini də xatırlatdı: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mu­ğama göstərdiyi diqqət hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi”.

Heydər Əliyev Fondunun təşəbbüsü və himayəsi ilə keçirilən ənənəvi muğam müsabiqələrinin xalqımızda yaratdığı məmnunluğu vurğulayn dövlət başçı­sı daha sonra bildirdi ki, Azərbaycan televiziyası ilə canlı yayımlanan bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür. Biz haqlı olaraq hesab edirik ki, muğamın vətəni Azərbaycandır və beynəlxalq festivalların keçirilməsi, əlbəttə, bu tezisi daha da möhkəmləndirir.

Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi Azərbaycan muğa­mını UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil etdirməsinin önəmini qeyd edən möhtərəm İlham Əliyev dedi: “Bu da tarixi hadisədir, hesab edirəm ki, sözün əsl mənasında, tarixi hadisədir. Çünki bu addım həm dünya miqyasın­da muğama göstərilən böyük diqqətin, verilən əhəmiyyətin təzahürü idi, eyni zamanda, UNESCO muğamı Azərbaycan sənəti kimi qəbul edib”.

Görüşdəki çıxışımda mən Heydər Əliyev Fondunun Mehriban Əliyevanın rəhbərliyi ilə ulu öndərin milli müsiqimizin qorunması və inkişafı ilə bağlı yaratdığı ənənəni layiqincə davam etdirdiyini, bu sahədə Prezident İlham Əliyevin ən yaxın köməkçisi olduğunu bildirərək dedim: “Bir vaxtlar muğam sənətimiz, tar ifaçılığı, sazımız, kamançamız diqqətdən kənarda qalmışdı, başqa ölkələr bunlara sahib durmaq istəyirdi. Amma Mehriban xanım bunlara yiyəlik etdi, qeyri-maddi mədəni irs siyahısına daxil etdi. Bu gün dünyada elə bir ölkə yoxdur ki, oradan tarımı­zın səsi gəlməsin, simfonik orkestrlə, böyük xalq orkestrləri ilə, pianolarla, kamera orkestrləri ilə. Muğam ən böyük sərvətimizdir”.

Sonra üzümü Prezident İlham Əliyevə tutaraq dedim ki, mənim böyük bir arzum var, Allah bizə Sizinlə bir yerdə qismət eləsin ki, muğamımız işğaldan azad olunmuş torpaqlarımızda səslənsin: “Biz o möhtəşəm sevinci görəcəyik. Mehriban xanımın təşkilatçılığı ilə onların hamısını görəcəyik”.

O tarixi görüşdən 2 il 3 gün keçmiş Azərbaycan musiqisinin beşiyi Şuşa, bundan 12 gün sonra isə xalqımıza görkəmli müsiqiçilər bəxş etmiş Ağdam düşməndən azad edildi. 2021-ci il mayın 12–13-də isə Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı, Prezident, Vətən müharibəsinin müzəffər baş sərkərdəsi İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 29 ildən sonra “Xarıbülbül” beynəlxalq müsiqi festivalının keçirilməsi müqədəs arzu-diləklərimizi ulu Tanrının möcüzəli bir gerçəyə çevirməsi oldu.

Festival zamanı Cıdır düzündə musiqiçilərlə səmimi görüşüb söhbət edən İlham Əliyev və Mehriban xanım mənə yaxınlaşanda Ağdamda onların qarşısında sidq-ürəklə səsləndirdiyim arzunun çin olmasını böyük şükranlıqla bildirdim. Xalqımızı belə bir xoşbəxtliyə qovuşdurduğuna görə möhtərəm İlham Əliyevə, milli musiqimizi dünya şöhrəti zirvəsinə yüksəltdiyinə və Qarabağ qələbəmizin, Şuşa zəfərimizin şərəfinə İlahi qüdrətlə yaradılmış Cıdır düzündə təşkil etdiyi möhtəşəm musiqi bayramı üçünsə Mehriban xanım Əliyevaya hədsiz minnətdarlığımı, sonsuz sevgi-sayğımı çatdırdım.

Şuşanın azad olunmasından cəmi 6 ay sonra belə bir möhtəşəm mədəni-tarixi tədbirin keçirilməsi xalqımızın böyük mənəvi qələbəsi və Azərbaycanın dünya­ya verilən belə bir mesajı oldu: “Qarabağ tarix boyu Azərbaycanın olub, bu gün də Azərbaycanındır!”.

Biz Heydər Əliyev Fondunun təşkilatçılığı və himayəsi ilə keçirilən ümumxalq şənliklərində Qarabağın Azərbaycan müsiqisinin ulu beşi­yi, Azərbaycanın isə dünya musiqi xəzinəsinə nadir incilər bəxş etmiş ölkə olduğunu hələ çox görəcəyik. Bu, ona görə xəyal yox, realdır ki, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu milli müsiqimizin ən mötəbər himayəçisidir.

Ramiz QULİYEV,

Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti, Dövlət mükafatı laureatı

MƏDƏNİYYƏT bölməsi