Milli musiqimizin mötəbər himayəçisi

MƏDƏNİYYƏT
18 Yanvar
04:26

Ümummilli lider Heydər Əliyev milli musiqimizin ən gözəl nümunələrinin dünya arenasına çıxarılması yolu ilə Azərbaycanın sivil məmləkət, xalqımızın çoxsaylı istedadlar yetirən bir xalq olmasına həmişə böyük diqqət yetirmiş, ciddi önəm vermişdir. Ulu öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə kemiş ittifaq respublikalarında, eləcə də xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində, müxtəlif mədəni-kütləvi tədbirlərdə milli musiqimizin geniş təmsil olunmasını yüksək səviyyədə təmin etmişdir.

Ümumiyyətlə, böyük rəhbər milli-mənəvi dəyərlərin zənginləşdirilməsinə milli varlığın qorunub saxlanması və gücləndirilməsi amili kimi yanaşmışdır. Ötən əsrin 70– 80-ci illərində keçmiş SSRİ-nin şöhrətli teatrlarında və böyük konsert salonlarında Azərbaycan bəstəkarlarının əsərlərinin tamaşaya qoyulması, mu­ğam, simfonik və kamera musiqisinin səsləndirilməsi məhz Heydər Əliyevin təşəbbüsü və köməyi ilə mümkün olmuş­dur. Onun müstəsna səylərinin nəticəsi idi ki, Azərbaycan musiqisi keçmiş ittifaqın dəmir pərdələrini aşaraq dünyada da yayılmışdır.

Birinci xanım, Heydər Əliyev Fon­dunun prezidenti Mehriban Əliyeva son 27 ildəki ictimai-mədəni fəaliyyəti ilə ulu öndərin bu qiymətli ənənəsini daha geniş miqyasda və yüksək səviyyədə davam etdirmiş, mərhumiyyətli ümumi böhran və ağrılı keçid dövründə, az qala, unudul­maqda olan muğam sənətimizə və yad təsirlərdən korlanan milli musiqi ifaçılığına yeni nəfəs gətirmişdir. Mehriban xanımın doğma musiqimizə dərindən bağlılığı və onun taleyinə qayğıkeş münasibəti nəticəsində radio və televiziya kanalları­na, el şənliklərinə yol tapmış yad-yabançı musiqilərin, istedadsız sənətçilərin bayağı ifalarının meydanı daralmış, xalq musiqisindən uzaqlaşma və ona xorbaxma meyilləri aradan qaldırılmışdır.

Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın muğam və xalq musi­qisi konsertlərində görkəmli xanəndələri, gənc istedadları maraqla dinləmələri, onların ehtiyaclarına həssas və qayğı­keş münasibətləri, sənətlərini yüksək dəyərləndirmələri milli musiqimizin yeni şəraitdə inkişafını stimullaşdırmış, bu sahədə tarixi bir canlanma yaratmış­dır. Tez-tez nüfuzlu salonlarda tanın­mış muğam ustalarının konsertlərinin təşkil edilməsi, televiziya muğam müsabiqələrinin keçirilməsi, yaşlı və gənc nəsildən olan istedadlı müğənnilərə fəxri adların verilməsi, pensiya yaşına çatmış sənətkarlara Prezident təqaüdünün təyin edilməsi, eyni zamanda, istedadlı uşaqlara da bu təqaüdün verilməsi dünyada misli ol­mayan bir silsilə təşkil etməklə milli musiqi sənətimizin yeni inkişafına xidmət göstərir.

Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin davamlı olaraq gerçəkləşdirilməsinə geniş ictimai dəstəyi təmin edən Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, ümumbəşəri ənənələrin himayə edilməsi sahəsində çoxşaxəli fəaliyyəti ilə ölkəmizdə və beynəlxalq aləmdə yüksək nüfuz, böyük rəğbət qazan­mışdır. Prezident İlham Əliyev bu quru­mun genişmiqyaslı, irihəcmli fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Meh­riban Əliyevanın rəhbərliyi ilə Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir”.

Azərbaycanın birinci xanımı Meh­riban Əliyeva mənəvi dəyərlərimizin himayə edilməsi işinə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmaqla başlamışdır. Milli mənəvi dəyərlərimizin incilərinin dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinə nail olan Mehriban Əliyeva o zaman bu istiqamətin fəaliyyətində davamlı olacağını bəyan etmişdir: “Muğam da, aşıq yaradıcı­lığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da bu günə qədər qoruyub saxladığımız və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə yönəldilmişdir, UNESCO-nun xoşməramlı səfiri kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə yönələcəkdir”.

Dünyada mövcud olan birinci xanım təsisatının daha mükəmməl örnəyi ilə çıxış edən Mehriban Əliyeva xalqımızın maddi və mənəvi sərvətlərinə sahib çıxmaq, onun nadir incilərini yad təsirlərdən qorumaq, bu sərvəti dünya xalqlarına tanıtmaq yolun­da 9 illik səmərəli fəaliyyətini əldə etmiş qiymətli təcrübə və dəyərli proqramlarla, 2004-cü ildə yaradılmış Heydər Əliyev Fondunun rəhbəri kimi daha geniş dairədə davam etdirmişdir. Bu nüfuzlu və güclü qurumun rəhbəri olaraq Mehriban xanımın milli musiqimizin parlaq incilərini, sənət tacı olan muğam sənətimizi hərtərəfli himayə etməsi ciddi nəticələr doğurmuşdur.

Doğrudan da, Birinci vitse-prezident, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ulu öndərin adı və ali məramı ilə bağlı bu Fondun rəhbəri kimi tarixi önəm daşıyan fəaliyyətinin hədəfi Heydər Əliyev irsinin təbliği, onun Azərbaycan barədə arzu və istəklərinin gerçəkləşdirilməsidir. Milli varlığımızın əsasını təşkil edən mənəvi dəyərlərin yaşadılmasını himayə etməkdə, ölkəmizi dünyada sivil məmləkət kimi tanıtmaq­da Mehriban xanımın rəhbərliyi ilə gerçəkləşdirilmiş məqsədyönlü və çoxsaylı layihələrin yaratdığı öyünclü mənzərə 30 illik müstəqillik tariximizdə mədəni intibah kimi qəbul edilir. Bu, ulu öndərin Azərbaycan dövlətçiliyini dirçəltmək və yaşatmaq missiyasının davamı olub, Vətən və xalq naminə fəaliyyət göstərməyin çağ­daş mükəmməl örnəyidir.

Azərbaycan mədəniyyətinin, eləcə də milli musiqisinin dünyada təbliğində, mədəniyyətlərarası dialo­qun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumla­rından olan UNESCO ilə əlaqələrinin rolu misilsizdir. Uzun illərdir ki, respublikamızın UNESCO ilə qurduğu hərtərəfli səmərəli əməkdaşlıq bu gün olduqca yüksək səviyyədədir. Azərbaycan – UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsi isə Mehriban xanım Əliyevanın məqsədyönlü, yorulmaz fəaliyyətinin, davamlı səylərinin nəticəsidir. Onun UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivili­zasiyalararası dialoqun genişləndirilməsi yönündə təkcə milli deyil, həm də dünyaya örnək olası bəşəri nailiyyətdir.

Ölkəmiz və xalqımız üçün öyünclü haldır ki, Mehriban Əliyeva UNESCO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüş ilk Azərbaycan qadınıdır. 18 ildir ki, Mehri­ban xanımın adı dünyada sayı o qədər də böyük olmayan xoşməramlı səfirlərlə bir sırada çəkilir. UNESCO-nun Azərbaycan mədəniyyətinə böyük əhəmiyyət verməsi, muğamlarımızın qiymətli irs kimi qoru­nub saxlanılması və yayılması, Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılması kimi təşəbbüsləri dəstəkləməsi məhz Mehriban xanımın adı ilə bağlıdır. “Qaf­qaz Xalq Ənənələri Evi”nin məhz Bakıda yaradılması ideyası da Mehriban Əliyevaya məxsusdur.

Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai, sosial, mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, qədim və zəngin mədəniyyətini, ölkəmizin milli özünəməxsusluğunu, mədəni özəlliklərini dünya miqyasında uzun illərdir ki, böyük fədakarlıqla, uğurla təbliğ edir. Mehriban Əliyeva himayədar bir mələk kimi Azərbaycan mədəniyyətinin keşiyində dayanmışdır. Bu nəcib amallı, yurdsevər və fədakar xanım UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir, eyni zamanda, İSESCO-nun da xoşməramlı səfiri olaraq Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində davamlı fəaliyyət göstərir.

Mən professional tar ifaçısı və bu sənət üzrə pedaqoq olduğuma görə bu yazıda daha çox Mehriban xanım Əliyevanın xalqımızın ruhunun daşıyıcısı və ifadəçisi olan milli musiqimizə göstərdiyi müstəsna diqqət və qayğıdan, milli musiqi sənətimizin qorunması və inkişafına verdiyi önəmli töhfələrdən söz açmaq istəyirəm. Onun bu yöndə fəaliyyəti uzun bir söhbətin və ayrıca tədqiqatın mövzusu olduğuna görə mən ən mühüm məqamları yığcam olaraq yada salmağa çalışacağam.

Milli musiqimizə dövlət qayğısını davamlı və rəngarəng layihələrlə gerçəkləşdirən Mehriban xanımın ciddi səyləri nəticəsində Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilmişdir. Azərbaycan aşıq sənəti, xalçaçılıq sənəti və Novruz bayramı da YUNESKO-nun Qeyri-maddi mədəni irsi siyahısına salınmışdır. Beləliklə, muğam, aşıq sənəti ilə yanaşı, tar sənəti və ifaçılığı, kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti də UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ siyahısına əlavə edilmişdir.

Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti də dünyanın qeyri-maddi mədəni irsi siyahısında yer almışdır. Bundan başqa, Birinci vitse-prezident Mehriban Əliyevanın himayəsi ilə Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etmişdir.

(ardı var)

Ramiz QULİYEV,

Bakı Musiqi Akademiyasının professoru,

Xalq artisti,

Dövlət Mükafatı laureatı

MƏDƏNİYYƏT bölməsi