Şuşa Humanitar Kollecinin kollektivi doğma ünvana qayıdacağı günü səbirsizliklə gözləyir

MƏDƏNİYYƏT
18 Yanvar
04:18

Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi, söz yox ki, şəhərin daha sürətlə bərpa olunmasına, infrastruktur quruculuğuna, onun tarixi, mədəni simasının özünə qaytarılmasına xüsusi stimul verəcək. Artıq Şuşanın təhsil müəssisələri də doğma şəhərə qayıtmağa hazırlaşır. Bizim kollecin kollektivi də qayıdış gününü səbirsizliklə gözləyir.

Şuşa mədəniyyətimizin beşiyidir. Dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş Qarabağın bu səfalı diyarını “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırıb­lar. Bu diyarda gözəl səslər meydana çıxıb, çoxsaylı musiqiçilər yetişib. Elə Şuşa Huma­nitar Kollecinin də bu yöndə böyük töhfələri olub…

Kollec 1922-ci ildə Şuşa Müəllimlər Seminariyası adı altında fəaliyyətə başla­yıb. Həmin il buraya 76 tələbə qəbul edilib. Kollecdə tələbələrə musiqi sənəti, xanəndə, sazəndələr, mədəni-maarif işçiləri, kitabxa­na və ibtidai sinif müəllimləri ixtisasları üzrə dərslər keçirilib. Kollec işğaldan sonra Bakıda yerləşib və fəaliyyətini davam etdirib.

30 illik məcburi köçkünlük dövründə Şuşa Humanitar Kolleci mədəniyyət sahəsində orta ixtisaslı kadr hazırlığını davam etdirmişdir. Nə qədər çətinliklər olsa da, bu təhsil ocağının kollektivi öz gücünə, dövlətimizin qayğısına arxalanaraq, ənənələrini qoruyub saxlaya bilib.

Kollektivimiz Şuşaya qayıtmağa hazırlaşır. İşğaldan azad olunmuş Şuşada abadlıq-qu­ruculuq işləri sürətlə davam edir. Düşmən Şu­şanı talan edib, viran qoyub, dağıdıb. Bizim kollecin binası da dağıdılıb. Amma inanırıq ki, tezliklə bərpa ediləcək və kollecimiz Şuşada fəaliyyətini davam etdirəcək.

Hazırda kollecimizdə 814 tələbə təhsil alır.Onların təlim-tərbiyəsi ilə 145 müəllim məşğul olur. Onlar hamısı Şuşaya qayıdacaqları günü gözləyirlər.

Şuşa sürətlə yenidən qurulur. Şəhərin bütün infastrukturu yenilənir. Keçmiş ənənələr şəhərin özünə qayta­rılır. Prezidentimizin sərəncamı ilə Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Şəhərin mədəni həyatı yenidən dirçəlir. Muzeylər, sərgi salonları bərpa edilir, məktəblərdə yenidənqurma işləri aparılır, tarix və mədəniyyət abidələri əvvəlki görkəminə qaytarılır. “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri keçirildi. Möhtərəm Prezidentimizin dediyi bu sözləri xatırlatmaq istəyirəm: “Eyni zamanda, biz, əlbəttə ki, Şuşanın bərpadan sonrakı həyatını da geniş müzakirə edəcəyik. Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zaman­da, bir çox beynəlxalq tədbirlər – festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır”.

Hazırda təhsil sahəsində islahatlar davam edir. Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci bəndini rəhbər tutaraq orta ixtisas təhsil müəssisələri şəbəkəsinin optimallaşdırıl­ması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabine­tinin qərarına əsasən, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə birləşdirilmişdir. Bundan sonra Şuşa Humanitar Kollecinin fəaliyyəti daha da təkmilləşmiş, tələbələrin təhsili üçün yeni imkanlar yaradılmışdır. Hökumətimizin bu qərarı müəllim və tələbə kollektivində böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Ümumiyyətlə, Şuşa Humanitar Kol­lecinin istər musiqi, istərsə də qeyri-ixtisaslar üzrə nailiyyətləri nümunə ola bilər.

Rasim MEHDİYEV,

Şuşa Humanitar Kollecinin direktoru

MƏDƏNİYYƏT bölməsi