Azərbaycanlı Əməkdar artist BMT-nin “Leonardo Da Vinci” medalı ilə təltif olunub

MƏDƏNİYYƏT
16 Yanvar
01:51

Suğra Bağırzadə ixtisasca mühəndisdir, “Azərbaycanfilm” kinostudiyasında texniki şöbənin böyük mühəndisi vəzifəsində işləyir.

O, uşaqlıqdan həyatını incəsənətə bağlayıb. Onun ifasında “Cücələrim” mahnısı doğma Azərbaycanın hüdudlarından kənarda da tanınıb. Özünün aktyorluq istedadına görə kinoda uğurla çəkilib. Onun əvvəllər güllərlə işləmək həvəsi kimi başlanan xobbisi tədricən daha bir peşəyə keçdi. Təbii güllərdən yaratdığı kompozisiyalar ona floraçı-rəssam şöhrətini qazandırıb.

Suğra xanım 2015-ci ildə türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin inkişa­fındakı xidmətlərinə görə Türk Dünyası Araşdır­maları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri doktoru” adına layiq görülüb. 2016-cı ildə Türk dünyası mədəniyyətinə verdiyi töhfələrə görə Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl ulduz” və “Türk dünyasında ilin mədəniyyət adamı” mü­kafatlarını alıb. 2016-cı ildə mədəniyyətə verdiyi böyük töhfələrə görə Beynəlxalq Təltiflər İttifa­qının BMT-nin İctimai Mü­kafatlar Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib.

O, 2008-ci ildə Əməkdar artsit fəxri adına layiq görülüb. S.Bağırzadə “Yollar və küçələrlə” (1963), “Ulduz” (1964), “Alma almaya bənzər” (1975), “Şir evdən getdi” (1977), “Tələ” (1990), “Yuxu” (2001), “Güllələnmə təxirə salınır!” (2003), “Sonuncu şahid” (2004), “Qəmbər Hüseynli” (2007) filmlərində iştirak edib.

Bu yaxınlarda isə Suğra Bağırzadə BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyətinə verdiyi töhfələrə görə “Leonardo Da Vinci” me­dalına layiq görülüb.

Suğra xanım Bağırzadə həm də “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısıdır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi