Yaddaşlarda yaşayan sənətkar

MƏDƏNİYYƏT
16 Yanvar
01:08

 

NƏCIBƏ MƏLIKOVA – 100

Elə bil, rollarında da özünü, taleyini oynayırdı. Gərgin işləyirdi. Teatrda da, kinoda da ona çox vaxt baş rollar həvalə olunurdu. Nəcibə Məlikova müxtəlif xarakterli rollar oynayırdı. Gözəlliyi, istedı ilə seçilən aktrisa tamaşalarda, filmlərdə elə rolları ifa edib ki, onlar mənəvi dünyamızın ayrılmaz hissəsinə çevrilib.

Bu günlər xalqımız Nəcibə Məlikovanın 100 illik yubileyini təntənə ilə qeyd edir. Onu xatırla­yır, çəkildiyi filmlər təkrar-təkrar nümayiş etdirilir, haqqında televiziya verilişləri göstərilir.

Nəcibə Haşım qızı Məlikovanın həyat yolu 1921-ci ildə Bakının Buzovna kəndindən baş­layıb. İlk təhsilini kənddə və Bakıda alıb. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair idi, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomol fəallarından idi. Lakin Xoşsima xanım qardaşı – görkəmli ictimai xadim, 1938-ci ilin yayında repressiya olunmuş Ruhulla Axundov tutu­landan sonra onun da ictimai fəaliyyətinə son qoyuldu. Bundan sonra bütün qapılar onların üzünə bağlandı.

Nəcibə Məlikovanın uşaqlıqdan arzusu həkim olmaq idi. Məktəbi qurtarıb Tibb İnstitu­tuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qaldı.

Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk peşəkar rəqqasələrindən biri kimi tanınırdı. Nəcibə Məlikova isə məcburiyyətdən həyatını aktrisalığa bağlamaq qərarına gəldi. 10-cu sinfi bitirəndən sonra sənədlərini könülsüz Teatr Texnikumuna verdi və Fatma Qədrinin sinfinə qəbul olundu. Lakin burada oxuduğu müddətdə sənətə bağlandı.

Təhsilini başa vurduqdan sonra Nəcibə xanım öz istəyi ilə Gəncə Dövlət Dram Teatrın­da işləməyə gedib. Burada bir neçə tamaşada rollar oynayıb. Sonra Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitu­tuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib.Hələ texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən filmlərdə çəkilişlərə dəvət olunub.

1950-1970-ci illərin teatr repertuarında aktrisa klassik və çağdaş Azərbaycan drama­turqlarının, dünya ədiblərinin dram əsərlərində, eyni zamanda komediyalarında səhnəyə çıxıb. Həmin tamaşalardan – Hüseyn Cavidin “Şeyx Sənan” (Xumar), “Səyavuş” (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (Şa­mama cadu), Cəfər Cabbarlının “Aydın” (Böyük­xanım), “1905-ci ildə” (Sona), “Sevil” (Edilya), Mirzə İbrahimovun “Həyat” (Atlas), “Kəndçi qızı” (Ayxanım), İlyas Əfəndiyevin “Büllur saray­da” (Qönçə), “Qəribə oğlan” (Məlahət), Nəbi Xəzrinin “Əks-səda” (Zərifə), Mirzə Şəfi Vazeh (Zübeydə), Səməd Vurğunun “Vaqif” (Xuraman), Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” (Diləfruz), Lope de Veqanın “Sevilya ulduzu” (Estrelya) və s. misal göstərmək olar.

Aktrisa kinoda da uğurlu rollar yaradıb. On­ların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktri­sanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

Nəcibə Məlikova Gəncə Dram Teatrında çalışdığı müddətdə Gəncənin tanınmış adam­larından olan Nəsrəddin adlı bir nəfərlə tanış olur. Nəsrəddin aktrisanı tamaşaların birində görür və ona heyran qalır. Hər tamaşadan sonra bu gözəl xanıma ətirli güllər, dadlı meyvələr göndərir. Gizli aşiq Nəcibə xanımın ürəyini al­mağa çalışır və buna nail olur. Beləliklə, Nəcibə Məlikova Nəsrəddinlə ailə qurmağa razılıq verir.

Nəsrəddin artıq bir dəfə evli olmuşdu və Fuad adlı oğlu da vardı. Nəcibə xanımla evlilikdən isə Saqib adlı bir oğlu dünyaya gəlir. Nəcibə xanım hər iki uşağa ana qayğısı ilə ya­naşır, onları bir-birindən ayırmamağa çalışır.

Deyilənə görə, “Ögey ana” filminin süjeti də bu ailənin həyatı ilə bilavasitə bağlı olub.

Aktrisa 10 iyun 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adlarını alıb. Nəcibə xanım Məlikova 1992-ci il iyulun 27-də vəfat edib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

MƏDƏNİYYƏT bölməsi