Azərbaycan rəssamının əsəri Portuqaliyada sərgilənəcək

Almaniya Kino Akademiyasının xüsusi mükafatına layiq görülən, əsərləri beynəlxalq sürrealizm sərgilərdə nümayiş olunan rəssam Mehriban Əfəndinin yaradıcılığına maraq artmaqdadır. Onun əsərləri bir sıra beynəlxalq sərgidə nümayiş olunmuşdur. M.Əfəndi Portuqaliyada keçiriləcək sərgidə də iştirak etmək niyyətindədir. Özü bu barədə deyib: “ Tezliklə 2010-cu ildən bu günə qədər hər il Portuqaliyada Bissaya Bareta Fondunun təşkilatçılığı ilə baş tutan "Sürrealizm bu gün" adlı sərgi keçiriləcək. Sərgiyə dünyanın ən yaxşı sürrealist rəssamı cəlb olunub ki, onlardan biri də mənəm. Fond ikiillik tədqiqatlar nəticəsində 56 rəssamı seçib. Sərgidə iştirak edən rəssamların əsərləri Nyu-York küçələrində led ekran vasitəsilə reklam, anons edilir. Bu sərgidə dünya incəsənət xadimlərinin marağında və diqqətindədir. Qismət olarsa, Portuqaliyada sərgidə iştirak edəcəyəm.”
Mehriban xanım əslində kino rəssamıdır. Bu sahədə onun işləri daha çox diqqət çəkir. Hazırda kino rəssamı kimi işlərini davam etdirir. Deyir ki, bu yaxınlarda Qarabağla bağlı “Son nəfəsədək” filmində rejissor Elnur Əliyevlə birgə işlədik. Film Qarabağ müharibəsindən bəhs edir. Çəkilişlər Füzuli rayonunda həyata keçirildi. Bu filmdə həm geyim üzrə, həm də quruluşçu rəssam kimi çalışdım Hazırda isə Cəfər Axundzadə ilə birgə “Qış nağılı” filmini çəkirik. Əminəm ki, Azərbaycan tamaşaçısı bu filmi çox bəyənəcək. Filmdə Halil Sezai kimi məşhur türk aktyoru yer alıb. Film beynəlxalq layihə əsasında çəkilir. Düşünürəm, ölkəmizdə bu cür layihələr nə qədər çox olarsa, bu mədəniyyətimizin uğuru olacaq.”
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

