Suriyada ciddi dərman çatışmazlığı yaranıb

XARİCİ XƏBƏRLƏR
9 Yanvar
01:08

 

 

Suriyada ABŞ-ın sanksiyaları səbəbindən ciddi dərman çatışmazlığı yaranıb. Xaricdən ölkəyə tibbi texnika və ləvazimatların gətirilməsində də çətinliklər mövcuddur. Bu barədə “İzvestiya.ru” məlumat yayıb.

Ölkədəki farmakoloji fabriklərdən birinin direktoru Fadi Fənari bildirib ki, lazım olan dərmanları tapmaqda çətinliklə üzləşirlər, bəzən bir sifarişin gəlib çıxmasını yarım il gözləməli olurlar. Müəssisədə hər hansı texnika xarab olduqda isə sanksiyalar səbəbindən yenisini almaq mümkün olmur.

Qeyd edək ki, keçən ilin mayında ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzadıb. Bununla da, Vaşinqtonun 2004-cü ildən tətbiq etdiyi məhdudiyyətlər mərhələlərlə hələ də davam edir. Bunların arasında fiziki və hüquqi şəxslərin blokadası, Amerika istehsalı olan mal və xidmətlərin Suriyaya ixracının qadağan edilməsi də var.

Dekabrın 7-də də ABŞ Suriyanın bir sıra hərbçilərinə, o cümlədən kəşfiyyatçılara qarşı sanksiya tətbiq edib.

Başqa bir xəbərə görə isə bu günlərdə ABŞ ordusu Suriyanın neft yataqları ilə zəngin və PKK-nın YPG qanadının nəzarətində olan rayonlarındakı hərbi bazalarına əlavə qüvvələr göndərib. Bu qüvvələr Deyr-əz-Zor və Haseka neft mədənlərinə İraqdan gətirilib. Bunu ABŞ həmin qüvvələrin İraqda xarici terrorçu qrupların hücumlarından qorunması ilə əsaslandırıb.

Hasekadakı yerli mənbələr isə bildiriblər ki, əlavə qüvvələr “Əl-Valid” buraxılış məntəqəsindən keçərək Şəddadi şəhərindəki bazaya gəlib, oradan isə 30 yük maşınından ibarət karvan Ömər yatağına yollanıb. Karvanı havadan iki helikopter, quruda isə YPG terrorçuları müşayiət edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi