Qazaxıstanın MTK sədri dövlətə xəyanətdə ittiham edilir

XARİCİ XƏBƏRLƏR
9 Yanvar
00:25

Qazaxıstanın xüsusi xidmət orqanları ölkənin Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Məsimovu dövlətə xəyanətdə şübhəli şəxs kimi həbs ediblər. Məlumatı şənbə günü Qazaxıs­tan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir: “Bu il yanvarın 6-da Milli Təhlükəsizlik Komitəsi dövlətə xəyanət faktı ilə bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 1-ci hissəsinin 175-ci maddəsi ilə ibtidai istintaqa başlayıb. Həmin gün bu cinayəti törətməkdə şübhəli bilinən MTK-nın sabiq sədri Kərim Məsimov və digər şəxslər həbs edilərək müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər”.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu il yanvarın 5-də imzaladığı fərmanla MTK-nın sədri 56 yaşlı Kərim Məsimovu və onun birinci müavini Samat Abışı tutduqları vəzifədən azad edib. Cümə günü, yanvarın 7-də Tokayev ölkənin xüsusi xidmət orqanlarını terror aktlarına gizlin hazırlıq işləri getdiyi bir vaxtda “yuxulamaqda” günahlandırıb.

Bundan əvvəl həm Qazaxıstanın keçmiş baş naziri Məsimov, həm də ölkənin birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Abiş prezidentliyə mümkün namizədlər adlandırılmışdı. Həmin gün Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Yermek Saqimbayev komitənin yeni rəhbəri təyin edilib.

Yanvarın 7-də ölkənin “Xəbər-24” telekanalının efirində çıxış edən siyasi elmlər doktoru, Qazaxıstanın diplomatı və ictimai xadimi Yerməhəmməd Yertısbayev bildirib ki, Qazaxıstanda dövlət çevrilişinə cəhdin miqyası hakimiyyətin ən yüksək eşelonlarında xəyanətin olduğundan xəbər verir.

Onun sözlərinə görə, DTK dağlarda yerləşən ekstremistlərin təlim düşərgələri barədə məlumatları gizlədib. Yertısbayev onu da qeyd edib ki, azğın şəxslərin Almatı hava limanına hücumundan 40 dəqiqə əvvəl aeroportun mühafizəsinin tamamilə götürülməsi barədə göstəriş verilib.

Yerməhəmməd Yertısbayev sui-qəsdçilərin məqsədinin Prezident Tokayevi hakimiyyətdən uzaqlaşdırmaq olduğunu ehtimal edib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi