Yaponiyada üç prefekturada məhdudiyyətlər tətbiq ediləcək

XARİCİ XƏBƏRLƏR
8 Yanvar
00:33

NHK “World” telekanalının yaydığı məlumata görə, Yaponiya hökuməti Okinava, Hiroşima və Yamaquçi prefekturalarında koronavirus infeksiyasına yoluxma sayı artdığına görə gücləndirilmiş məhdudiyyətlər tətbiq edəcək.

Bunu dünən Yaponiyanın İqtisadiyyat bərpa naziri Dayşiro Yamaqiva bəyan edib. O deyib: “Qeyd edilən prefekturalarda son həftə ərzində yoluxma sayı əhəmiyyətli dərəcədə artıb. Əgər lazımi addımlar atılmazsa, həmin regionlarda səhiyyə sisteminin yükü hədsiz artacaq. Buna görə də yanvarın 9-dan 31- dək bu regionlarda gücləndirilmiş tədbirlər rejiminin tətbiqi təklif olunur”.

Bildirilir ki, gücləndirilmiş tədbirlər rejimi kütləvi tədbirlərin qadağan edilməsini, həmçinin ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu barədə rəsmi qərarın hökumətin axşam iclasında qəbul ediləcəyi bildirilir.

Qeyd olunur ki, Yaponiyada bir gün əvvəl koronavirusa 4400 yeni yoluxma halı qeydə alınıb. Bu, ötən il sentyabrın 18-dən bəri qeydə alınan ən yüksək göstəricidir. Regionlar arasında ən gərgin vəziyyətin Okinava prefekturasında qeydə alındığı bildirilir. Həmin prefekturada bütün pandemiya dövründə sutkalıq antirekord qeydə alınıb – 981 nəfər.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi