Türkiyə inamla inkişaf edir

XARİCİ XƏBƏRLƏR
29 Dekabr
04:58

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, ölkəsi inamla inkişaf edir, buna görə də qarşıdakı dövr Türkiyə erası olacaq. Bu barədə “Anadolu” məlumat verib.

Altun deyib: “Bu gün Türkiyə, həqiqətən, böyük və güclü ölkədir. Türkiyə nəinki oyun qaydalarını dəyişdirir, bu qaydaları diktə edir. O, sadəcə, bir sabitlik adası deyil, sabitləşdirici qüvvədir”.

“Türkiyənin ünsiyyət modeli: 2023-2053- 2071-ci illər üçün kommunikasiya panoramı” mövzusunda təqdimatla çıxış edən Altun bildirib ki, Türkiyə “qlobal xaosun içində sabitlik adasına” çevrilib: “Müasir reallıqlara baxdıqda, ölkəmiz qlobal xaosun ortasında bir növ sabitlik adasına çevrilib, Ankara öz məqsədlərindən kənara çıxmayıb, üstəlik xa­rici siyasət, səhiyyə sistemi, humanitar yardım kimi məsələlərdə öz modelini hazırlayıb və onu effektiv şəkildə həyata keçirmək bacarığı­nı nümayiş etdirib”.

Onun fikrincə, Türkiyə müdafiə sənayesinin inkişafı, səhiyyə sistemi, xarici siyasət və humanitar yardımları, eləcə də qlobal brendləri və yeni iqtisadi potensialı sayəsində regionda və dünyada bir modeldir: “İnanırıq ki, bu kursa sadiq qalsaq, qarşıdakı dövr Türkiyə dövrünə çevriləcək”.

Altunun sözlərinə görə, qlobal müstəmləkəçilik sisteminin əsasında iqtisa­diyyatların faizlərdən asılılığı faktoru dayanır. Amma Türkiyə Prezidentinin qətiyyətli möv­qeyi sayəsində milli iqtisadiyyat bu problemi uğurla aradan qaldıra bilir: “Cəmi bir həftə əvvəl “hər şey getdi”, “hər şey bitdi” şüarları səsləndiyi halda, Türkiyə Prezidenti bir neçə təklif irəli sürərək qəti siyasi mövqe tutdu. O, müstəqil iqtisadiyyat modelinin mexanizmi məsələsində qətiyyət nümayiş etdirdi”.

Türkiyə rəsmisi bəyan edib ki, ölkə brendi­ni gücləndirməyə və qlobal miqyasda tanıt­mağa çalışacaqlar: “Çalışacağıq ki, ölkəmizi dünya gücünə və qlobal oyunçuya çevirək”.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi