Antonio Quterreş: Koronavirus bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq

BMT-nin Baş katibi Antonio Quterreş dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb. BBC-nin yaydığı məlumata görə, o, qeyd edib ki, hazırkı pandemiya bəşəriyyət üçün sonuncu olmayacaq, yenilərinin yaranmasına hazırlaşmaq lazımdır.
A.Quterreş deyib: “Koronavirus bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Mövcud sağlamlıq böhranını həll edərkən, növbəti pandemiyaya hazırlaşmalıyıq. Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günündə gəlin bu məsələyə layiq olduğu diqqəti və sərmayəni göstərək”.
Qeyd edilir ki, BMT Baş Assambleyası ötən il epidemiyaların qarşısının alınması, hazırlığın artırılması və onlarla mübarizədə səylərin birləşdirilməsi probleminə diqqəti cəlb etmək məqsədilə Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Gününün təsis edilməsi haqqında qətnamə qəbul edib. Dekabrın 27-si Beynəlxalq Epidemiyaya Qarşı Hazırlıq Günü kimi qeyd olunur.
Dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır. Koronavirusa yoluxma üzrə ilk yerləri ABŞ, Hindistan, Braziliya və digər ölkələr bölüşür.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Rövşən TOĞRUL, “Xalq qəzeti”
