Stoltenberq ABŞ, Almaniya və Britaniya rəsmiləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

XARİCİ XƏBƏRLƏR
24 Dekabr
23:44

Dünən NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ-ın dövlət katibi Entoni Blinken, Almanyanın xarici işlər naziri Annalena Berbok və Britaniyanın müdafiə naziri Ben Uolles ilə telefonla danışaraq, onlarla Ukraynanın şərqində, Rusiya ilə sərhəddə yaranmış gərgin vəziyyəti müzakirə edib. Xəbəri UNİAN agentliyi məlumat yayıb.

Alyansın rəhbəri öz “Twitter” səhifəsində yazıb ki, müzakirələr həmrəylik və konstruk­tiv ruhda keçib. Sonra qeyd edib ki, Rusiya­nın son vaxtlar Ukrayna ilə sərhəddə hərbi qüvvələrini kəskin artırması təkcə Ukrayna üçün deyil, bütövlükdə, region üçün ciddi təhlükə yaradır. Y.Stoltenberq NATO-nun baş verə biləcək bütün variantlara adekvat cavab verəcəyini vurğulayıb.

Yeri gəlmişkən, dünən ABŞ Dövlət Departamentinin saytında bu ölkənijn dövlət katibi Entoni Blinkenin Şimali Atlantika Alyansının rəhbərli ilə Ukraynadakı vəziyyəti telefonla müzakirə etməsi barədə xəbər yeləşdirilib.

Orada deyilir ki, ABŞ hökuməti NATO üzrə müttəfiqlərinin Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcuduğunu artırması ilə bağlı narahatlığı tam bölüşür və öz üzərinə düşən vəzifələri icra etməkdə qərarlıdır. ABŞ Dövlət Deportameninin xəbərində o da vurğulanır kı, alyans rəhbərliyi Rusiya ilə hərtərəfli dialoq aparmağa hazırdır.

Görünən budur ki, Qərb dövlətləri Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyindən narahatdır. Rəsmi Moskva isə bu ittihamları təkzib edir, eyni zamanda, NATO-dan Ukraynanı öz üzvlülüyünə qəbul etməyəcəyi barədə zəmanət tələb edir.

M.HACIXANLI, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi