ÇIN XİN: Rusiya Prezidentinin bəyanatını dəstəkləyirik

XARİCİ XƏBƏRLƏR
24 Dekabr
23:41

Çin Xalq Respublikasının hökuməti Rusiya Prezidenti Vladimir Putinin Rusiya–Çin münasibətlərinin inkişafı barədə bəyanatını dəstəkləyir və ümid edir ki, yaxın vaxtlarda yüksək səviyyəli birgə səylərlə ikitərəfli strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni stimul yaradılacaq.

TASS-ın verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan keçirdiyi brifinqdə bildirib: “Biz Rusiya Prezidenti Putinin Çin– Rusiya münasibətlərinə pozitiv qiymət verdiyinə diqqət yetirdik və bu barədəki bəyanatı dəstəkləyirik”. O, Rusiya liderinin illik mətbuat konfransında çıxışına Çinin münasibəti ilə bağlı suala cavabında deyib: “Ümid edirəm ki, Rusiya Prezidentinin Çinə səfəri zamanı Rusiya–Çin strateji tərəfdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması üçün yeni stimul yaradılacaq”.

Çin diplomatının sözlərinə görə, Pekin Moskva ilə qarşılıqlı əməkdaşlığı iki ölkə liderlərinin razılaş­dıqları kimi genişləndirmək niyyətindədir. Çin və Ru­siya beynəlxalq meydanlarda da həmişə bir-birinə dəstək verirlər. XİN rəsmisi qeyd edib: “Biz maksimum səviyyədə əməkdaşlıq edirik, bu, iki böyük qonşu dövlətin birgə yaşamasına əsl nümunədir”.

Xatırladaq ki, dekabrın 23-də Rusiya Prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında bəyan edib ki, Rusiya və Çinin strateji münasibətləri beynəlxalq arenada ciddi sabitləşdirici faktordur. Moskva və Pekin birgə yüksək texnologiyalara əsaslanan silahlar istehsal edərək, təhlükəsizlik sahəsində əməkdaşlıq edirlər.

Çinin inkişafı haqqında danışan Rusiya liderinin sözlərinə görə, bu ölkə özünün göstəriciləri ilə bütün hallarda dünyanın birinci iqtisadiyyatı olacaq və bu, 2035–2050-ci illərdə baş verəcək. ABŞ başa düşməlidir ki, Çinin inkişafının qarşısını ala bilməyəcək. Pekində Olimpiadanın boykot edilməsi də səhv siyasətdir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi