Qazaxıstanda ölüm hökmü ləğv edilir

XARİCİ XƏBƏRLƏR
24 Dekabr
01:11

 

TASS informasiya agentliyinin yaydığı məlumata görə, Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat ölkədə ölüm hökmünün ləğvi haqqında qanun layihəsini qəbul edib.

Bildirilir ki, layihəyə əsasən, Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü ilə bağlı müddəalar çı­xarılıb. Bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.

Prosedura görə, qanun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzalamasından sonra qüvvəyə minəcək.

Qeyd edilir ki, 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin “Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqın­da Beynəlxalq pakta İkinci Fakültətiv protokol”unu ratifi­kasiya edib.

Məlumat üçün deyək ki, 2003-cü il dekabrın 17-də Qazaxıstanın birinci Prezi­denti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi ilə bağlı qərarın qəbuluna qədər cəzaların icrasına müddətsiz moratorium qoyulması haqqında fərman imzalayıb. Fərman 2004-cü il yanvarın 1-dən qüvvəyə minib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi