Ermənilər muzeylərimizə də qənim kəsilmişdilər

MƏDƏNİYYƏT
4 Dekabr
23:48

Ermənilər işğal zamanı xalqımıza məxsus hər şeyi, o cümlədən bütün milli-mənəvi sərvətlərimizi də talan etmişdilər. Tarixi-mədəni abidələrimizlə yanaşı, muzeylərimiz də dağıdılmış, eksponatları ya məhv edilmiş, ya Ermənistana daşınmış, ya da xarici ölkələrə satılmışdır. Bununla düşmən Azərbaycanın tarixi izlərini itirməyə çalışmışdır.

İşğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalmışdı. Həmin muzeylərdəki Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər eksponatlar talan edilmişdir. Qədim sikkələr, qızıl və gümüş məmulatları, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun, Şuşanın tarix muzeyləri, Ağdamda nadir Çörək muzeyi, Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının tarix-diyarşünaslıq muzeyləri, Daş abidələr muzeyi və bir çox başqa muzeylər buraya daxildir. Bu muzeylərin, demək olar ki, heç birini bütövlükdə xilas etmək, köçürmək mümkün olmayıb.
Ağdamda tarix-ölkəşünaslıq muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, şəkil qalereyası fəaliyyət göstərib.
Şuşada isə 8 muzey dağıdılıb, talan edilib. Bunlardan yalnız Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Muzeyinin Şuşa filialı, Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin eksponatları çıxarılıb, amma həmin muzeylərin fondu da tam xilas edilməyib. Şuşa şəhərində Natəvanın, Bülbülün, Əbdürrəhim bəy Haqverdiyevin və başqalarının ev muzeyləri, şəkil qalereyası, Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb. Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Qarabağ tarixi muzeyinin 1000-dək əşyası, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin (300-dən çox eksponat), vokal sənətimizin əsasını qoymuş böyük müğənni Bülbülün (400-dək əşya), görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın (100-dən çox eksponat) xatirə muzeylərinin eksponatları talan edilib.
Onu da qeyd edək ki, ermənilər tərəfindən məhv edilən muzeylərdən biri də Kəlbəcər tarix-diyarşünaslıq muzeyi olub. Alimlərin bildirdiyinə görə, içərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşyalar olan bu muzey ötən əsrin 80-ci illərinin əvvəllərində yaradılmışdı. Muzey ermənilər tərəfindən bütünlüklə məhv edilib. Zəngilan tarix-diyarşünaslıq muzeyi 1980-ci ildə fəaliyyətə başlayıb və rayon mərkəzində yerləşib. Orada 6000-ə yaxın eksponat saxlanılırdı. Bura müxtəlif növ xalçalar, kilimlər, palazlar, müxtəlif mis və gümüş qablar, nimçə, dolça, xurcunlar, gümüş xəncərlər və XVIII əsrə aid Zəngilan kəndlərindən birinin maketi daxil olub. İşğaldan sonra muzey dağıdılıb, eksponatları talan edilib.
Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. Oradakı eksponatlardan heç birini xilas etmək mümkün olmayıb.
Cəbrayıl tarix-diyarşünaslıq muzeyi tamamilə yerlə-yeksan edilib. Muzey direktoru Tariyel Abbaslı bildirir ki, Cəbrayılın tarixi, onun maddi- mədəniyyət abidələri, milli-mənəvi dəyərlərini qoruyan, yaşadan və o vaxtlar respublikamızda öz fəaliyyəti, işi ilə yaxşı tanınan bir mədəniyyət müəssisəsi–tarix-diyarşünaslıq muzeyi işğaldan bir il qabaq rayon mərkəzində ikimərtəbəli, yaraşıqlı binaya köçürülmüşdü. İşğal ərəfəsində Mədəniyyət Nazirliyinin müvafiq sərəncamına əsasən, muzeyin ən qiymətli eksponatları guya sərgiyə aparılmaq adı ilə rayon mərkəzindən çıxarılıb Arazboyu kəndlərdə gizlin şəkildə yerləşdirilmişdi. Məlumata görə muzeyin, təxminən 17 minə qədər eksponatı düşmən işğalından xilas edilmişdir.
1993-cü ilin dekabr ayından bu muzey İstiqlal Muzeyinin fondunda yerləşdirilib.
Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın tarix-diyarşünaslıq muzeyi 1979-cu ildə fəaliyyətə başlamışdır. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmış, yardımçı fondla birlikdə ümumilikdə 10 minə yaxın əşya mövcud olmuşdur.
1992-ci ildə Ermənistan tərəfindən Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılaraq yerlə-yeksan edilmiş, muzey eksponatları talan edilmişdir. Beş mindən çox qiymətli eksponat Ermənistana aparılmış və hazırda onlar bir sıra ölkələrdə “erməni maddi mədəniyyət nümunələri kimi” nümayiş etdirilir.
Muzey öz fəaliyyətini sonradan Bakı şəhərində bərpa etmişdir. Muzeylərin əməkdaşları əsasən toplama işi ilə məşğul olur və indiyədək muzeyin fonduna 1089 əşya daxil edilmişdir.
Fəaliyyətdə olan ICOM (Beynəlxalq Muzeylər Şurası) və onun Azərbaycan Milli Komitəsi Qarabağ muzeyləri ilə bağlı müəyyən tədbirlər həyata keçirir. Bu təşkilat Qarabağ muzeylərinin direktorları ilə tez-tez görüşlər keçirir. Komitənin direktoru Şirin Mirzəyeva bildirib ki, Qarabağ muzeylərinin direktorları foto və videomaterialları yığır, həmin muzeylərin binaları və işğaldan öncə ekspozisiyası haqqında məlumatlar toplayırlar. Problem ondadır ki, muzeylərin inventar kitabları işğal zamanı çıxarıla bilməyib. Bu səbəb işimizi xeyli çətinləşdirir.
Ş. Məlikova həm İCOM-a, həm də UNESCO-ya müraciətlər göndərdiklərini bildirib: “Çalışırıq ki, dünya təcrübəsindən yararlanaq, öyrənək ki, digər ölkələrdə belə situasiyalarda hansı addımlar atılır, hansı sənədlər hazırlanmalıdır. Hüquqi baza necə qurulmalıdır ki, talan olunan maddi və mənəvi mədəniyyətimizin, əslində, hansı muzeylərə məxsus olduğunu sübut edə bilək və bu məsələni beynəlxalq səviyyədə qaldıraq”.
Artıq Qarabağda muzeylərin bərpasına start verilmişdir. Bülbülün ev muzeyi istifadəyə verilmişdir. Üzeyir Hacıbəylinin ev muzeyində isə təmir- bərpa işləri aparılır. İşğaldan azad edilmiş digər rayonlarımızda da muzeylər bərpa ediləcək.
Söz yox ki, yaxın gələcəkdə dağıdılmış muzeylər bərpa olunacaq, turistlər bu muzeylərdə Qarabağın tarixi, etnoqrafiyası, Vətən müharibəsində ordumuzun şanlı qələbəsini əks etdirən eksponatlarla tanış ola biləcəklər.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi