“Mədəniyyət naminə sülh” qlobal kampaniyası “Bakı prosesi”nin uğurlu davamıdır

MƏDƏNİYYƏT
4 Dekabr
23:26

 

 

...Hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha böyük diqqət göstərilməlidir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Mədəniyyət bir cəmiyyətin maddi-mənəvi varlığını, düşüncə, sənət, elm və texnologiya qavramlarının tamamını ifadə edir. Bütün xalqlar gələcəkdə daha mədəni bir cəmiyyət yaratmaq üçün çalışılar.

Mədəniyyət və inkişaf bir-biri ilə paralel yüksələn anlayışlardır. İnkişaf etmək istəyən xalqlar mədəniyyətə doğru bir addım atmış sayılır. Elmi tədqiqatlar aparan, mədəniyyətini qoruyan, təhsil, səhiyyə və iqtisadiyyat sahələrində davamlı islahat­lar həyata keçirən ölkələrdə insanlar inam və güvən içində yetişirlər. Mustafa Kamal Atatürk bu barədə de­mişdir: “Mədəniyyət yolunda uğur yeniləşməyə bağlıdır. Sosial həyatda, iqtisadi həyatda, elm sahəsində uğur qazanmağın yeganə yolu budur”.

Beləliklə, mədəniyyət inkişafa, inkişaf isə yeniləşməyə bağlıdır. Mədəniyyət bir xalqın, bir cəmiyyətin keçmişlə müasir həyatını vahid bir sistemdə birləşdirməsi deməkdir. Dövrümüzdə bu anlayışı iki ayrı hissəyə: qədim və mü­asir mədəniyyətlərə ayırsaq da, əslində, mədəniyyət bir xalqın sosial kimliyidir. Bu səbəbdən, texnologiyadakı inkişaf və insan zehninin birliyi ilə mədəniyyət qavramı daim genişlənməyə davam edir. Bizim öhdəmizə düşən isə inkişafın bütün ünsürlərini və mədəniyyətimizi qoru­yaraq, gələcək üçün daha təhlükəsiz, aydın mühüt yaratmaqdır.

Azərbaycan ərazisi dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Xal­qımızın milli-mədəni kökləri çox qədim zamanlara uzanır. Müxtəlif dövrlərdə yadelli basqınlarına, soyqırımlarına məruz qalan xalqımız və qədim dövlətlərimiz əsla öz milli mənsubiyyətini unutma­mış, zəngin mədəniyyətimizi nəsildən-nəsilə ötürməyi ba­carmışdır. Tarix boyu müxtəlif mədəniyyətlərə mənsub xalqların əmin-aman mühitdə yaşadığı Azərbaycan torpaq­ları bugün də multikultura­lizm mərkəzlərindən biridir. Ölkəmiz hər zaman müxtəlif mədəniyyətlərin, sivilizasi­yaların qovuşduğu, sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı yer kimi dünyada tanınmışdır. Multikultura­lizm milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının həyat tərzinə çevrilmişdir. Prezident İlham Əliyevin də dediyi kimi, multikulturalizmin heç bir alternativi yoxdur.

Ölkəmizdə mədəniyyət-lərarası dialoqu inkişaf etdirmək, multikultural dəyərləri dünyada daha yaxşı təbliğ etmək üçün davamlı işlər görülür. Yeri gəlmişkən qeyd edək ki, dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampa­niyasının Tərəfdaşlar Forumu (“Peace4Culture Partners Forum) keçirilib.

Həmin tədbir BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublika­sı Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Forumda dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların nümayəndələri iştirak edib.

Cari il iyunun 23-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Mədəniyyət naminə sülh” qlobal kampa­niyasının təqdimat mərasimi olmuşdu. Bu platforma mədəni irsin qorunması, daimi sülhün təmin edilməsi, eləcə də beynəlxalq sülh sisteminin gücləndirilməsi, sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Sevindirici haldır ki, artıq qısa zaman ərzində bir sıra beynəlxalq təşkilat və ölkələrdən bu layihəyə müsbət fikirlər ifadə edilib.

Bu layihə çərçivəsində dünyanın fərqli ölkələrindən və nüfuzlu beynəlxalq təşkilatlarından diplomatla­rın, ictimai-siyasi xadimlərin, görkəmli mədəniyyət adamlarının, media nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə dəvət edilməsi planlaşdırıldı. De­kabrın 2-də keçirilən forumda isə Azərbaycan Respublika­sının Prezidentinin köməkçisi Hikmət Hacıyev çıxış edərək işğaldan azad edilmiş ərazilərə səfər etdiyinə görə ICESCO-nun Baş direkto­runa təşəkkür edib. Bu da öz növbəsində forumun işini uğurla icra etdiyindən xəbər verir. Prezident Admins­trasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri bildirib ki, biz Azərbaycanın əsrlərlə yaratdığı digər xalqlara hörmət təcrübəsini palyaşmaq istəyirik. Əlbəttə, bu mənada “Mədəniyyət naminə sülh” platforması çox böyük əhəmiyyət daşıyır.

Azərbaycanın dünyəvi və multikultural dəyərlərini dünyaya çatdırmaq olduqca vacibdir. Bu kam­paniya həm də Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü və 2010-cu ildə BMT Assambleyası çərçivəsində irəli sürülən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsünün qlobal miqyasda davamıdır.

Birləşmiş millətlər Təşkilatının baş katibi dəfələrlə öz məruzələri zamanı “Bakı Prosesi”ni xüsusi vurğulamış, Ümum­dünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal plat­formlarından biri elan etmişdir.

Bu mənada “Mədəniyyət naminə sülh” kampani­yası mədəniyyəti qoru­maq naminə sülhü təşviq etməyin əhəmiyyətini yüksək kürsüdən dünyaya çatdır­maq üçün mühüm platforma hesab edilir.

İmran ƏLIYEV, “Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi