Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilib

MƏDƏNİYYƏT
3 Dekabr
05:04

 

Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Siviliza­siyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Univer­siteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

ADA Universitetinin prorektoru Vafa Kaz­dal rektor, professor Hafiz Paşayevin adından forum iştirakçılarını salamlayıb. O, belə bir foruma ev sahibliyi etməkdən böyük qürur hissi keçirdiklərini bildirərək qeyd edib ki, bu tədbir ADA Universitetinin dünya miqyasında sülhün, əmin-amanlığın qorunmasında üzərinə götür­düyü öhdəçilikdən xəbər verir.

Mədəniyyət Nazirliyi Media və kommunika­siya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək “Mədəniyyət naminə sülh” kampaniyası haqqında məlumat verib. Bildirib ki, mədəniyyət üçün sülh vacib məfhumdur.

Diqqətə çatdırılıb ki, bu ilin aprel ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazir­liyi tərəfindən “Mədəniyyət naminə sülh” (Pea­ce4Culture) adlı qlobal kampaniya irəli sürülüb. Yeni platforma mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Artıq ötən dövr ərzində bir sıra beynəlxalq təşkilat və ölkələrdən bu layihəyə dəstək ifadə olunub.

Şöbə müdiri tədbirin proqramı haqqında məlumat verdikdən sonra forum plenar iclaslar­la işini davam etdirib.

“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniya­sı İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatıb. Bu Qələbə Cənubi Qafqaz üçün böyük imkanlar yaratdı: “Məqsədimiz dayanıqlı sülhü təşviq etməkdir. Təkcə ticarət yolları deyil, mədəni tərəfdaşlıq da əsasdır. Azərbaycanın işğal altında olan ərazilərində mədəni irsimiz dağıdılaraq məhv edilib. 30 il müddətində biz BMT və UNESCO-nu bu işə cəlb etmişdik və bu müddətdə UNESCO-nun bu ərazilərə səfərini gözlədik ki, bu təşkilat mədəni irsimizə qarşı törədilən vəhşiliyi beynəlxalq aləmə göstərsin. Bu gün Azərbaycan UNESCO İcraiyyə Şurasına seçilməklə bir daha etibarını göstərdi”.

Hikmət Hacıyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyinə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bil­dirib: “Biz Azərbaycanın əsrlərlə yaratdığı digər xalqlara hörmət təcrübəsini paylaşmaq istəyirik. Bu mənada “Mədəniyyət naminə sülh” platfor­ması çox vacib əhəmiyyət daşıyır”.

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti dinlənilib. Ali nümayəndə Sivi­lizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında fikirlərini bölüşüb. Diqqətə çatdırıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin bu təşəbbüsü alyansın missiyasına uyğundur: “Bu təşəbbüs davamlı sülh üçün vacib elementləri özündə ehtiva edir. Müxtəlif mədəniyyətlər ara­sında anlaşma yaradaraq sülhü təbliğ edir. Bu təşəbbüsü həyata keçirmək üçün əl-ələ verərək çalışmalıyıq”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq nazir­liyin “Mədəniyyət naminə sülh” təşəbbüsünü doğuran əsaslardan söz açıb: “Biz işğaldan azad olunmuş ərazilərimizə gedən zaman Ermənistan tərəfindən sosial infrastruktura, mədəni mirasımıza qarşı həyata keçirilən vandalizm və talançılığın miqyasını tam şəkildə görə bildik. Başa düşdük ki, bu dağıdılmış infrastrukturu bərpa etmək üçün bizə dayanıqlı sülh lazımdır. Bu səbəbdən də Mədəniyyət Na­zirliyi sülhü təşviq etmək üçün yeni təşəbbüslə çıxış etdi”.

Sülh və mədəniyyət arasında mühüm qarşılıqlı əlaqənin olduğunu bildirən Anar Kərimov qeyd edib ki, mədəniyyətin yenidən çiçəklənməsi üçün sülh vacib amildir: “Burada həm də münasibətlərin dirçəlişindən söhbət gedir. İkinci vacib element mədəniyyətin rolunu vurğulamaqdır. Üçüncü element budur ki, Azərbaycan bütün problemlərə rəğmən etnik və mədəni təmizlənməyə baxmayaraq hələ də mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanır. Bu təşəbbüs bölgədə dayanıqlı sülhə yol aça bilər. Azərbaycan uzunmüddətli sülh proqra­mının qurulmasına cəhd göstərir. 2008-ci ildə bünövrəsi qoyulan “Bakı prosesi” Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyaya dialoqu təşviq etmək məqsədi daşıyırdı. Bu təşəbbüs böyük qlobal platformaya çevrilə bildi”.

Nazir qeyd edib ki, “Mədəniyyət naminə sülh” platforması bəşəriyyət üçün yeni im­kanlar yarada bilər: “Bu təşəbbüsün nəticə verməsi üçün praktiki fəaliyyətlər haqqında düşünürük və artıq işlər tədbirlər planı halına çevrilir. 2022–2027-ci illər üçün nəzərdə tutulan tədbirlər planında 6 istiqamət üzrə fəaliyyət nəzərdə tutulub. Mədəniyyət dili sülhə yol aç­maq üçün ən gözəl ideyadır və biz bu imkanlar­dan istifadə edəcəyik. Beynəlxalq tərəfdaşları bu təşəbbüsləri dəstəkləməyə çağırır və foru­mun işinə uğurlar arzulayıram”.

Foruma videoformatda qoşulan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qlobal təşəbbüsə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, cəmiyyət olaraq dünyaya sülh toxumları əkilməlidir və mədəniyyətin inkişafı bundan asılıdır. “Azərbaycan Mədəniyyət Nazirliyinin bu ideyası sülh üçün yeni davranışları təşviq edir və biz bu təşəbbüsü dəstəkləyirik. Sülhü qorumaq missiyası çox vacibdir. Mədəniyyət anlamı isə bütün insanları bir araya gətirəcək məfhumdur. İnanıram ki, Azərbaycan bu təşəbbüslə qlobal sülhə öz töhfələrini verəcək”, – deyə Baş direktor bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyası mədəniyyətinin təbliği və təşviqinin əhəmiyyətini qeyd edib, fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıb: “Əminəm ki, bu platforma mədəni irsin qo­runmasına, münaqişə zonalarında həyatın dirçəlməsinə və ən dəyərli ideallarımızın əldə olunmasına kömək edəcək. Bizim beynəlxalq təşkilatımız üçün bu çağırış böyük əhəmiyyətə malikdir və bu gün mən bu işə dəstəyimizi rəsmən bəyan edirəm!”.

Tarixi dövrlərdən bəri mədəniyyətin yer üzündə sivilizasiyanı qorumaq üçün əsas amil olduğunu söyləyən G.Əfəndiyeva deyib: “Bu gün dünya mədəniyyətinin tarixi, tolerantlığın yaşamaq, dinc yanaşı yaşamaq, əməkdaşlıq və bəşəriyyətin davamlı inkişafı şəraiti kimi rolu haqqında ümumi biliklərin təkmilləşdirilməsi çox vacibdir”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərdən söz açan Günay Əfəndiyeva bildirib ki, fondun missiyası zəngin türk irsinin öyrənilməsi, qorunub saxlanması, tanıdılması və türk dünyasının mədəni dəyərləri ilə dünya birliyini tanış etməkdir.

“Bu gün bu mövzu bizim üçün aktual maraq kəsb edir, çünki təşkilat böyük "türk ölkələri Böyük İpək Yolu üzərində" layihəsini həyata keçirir”, – deyə fondun prezidenti vurğulayıb.

Günay Əfəndiyeva deyib: “Fəxr edirik ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ, eləcə də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa yenidən öz tarixi günlərini yaşayır. Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, o cümlədən bu regionda yerləşən türk dünyasının tarixi və mədəni abidələrini təbliğ etmək məqsədilə fond müxtəlif tarixi və tədqiqat kitabları nəşr edib, həmçinin “Qara­bağın keçmişi, bu günü və gələcəyi" mövzu­sunda beynəlxalq konfrans keçirib. İnanıram ki, uzun illər işğalçılar tərəfindən vəhşicəsinə ləkələnməyə məruz qalmış tarixi irs bizim birgə səylərimizlə bərpa ediləcək”.

Etnik Anlaşma Fondunun (ABŞ) prezidenti Ravin Mark Şnayer Prezident İlham Əliyevin multikultural dəyərlərə diqqətini xüsusi vurğu­layıb. Bildirib ki, Azərbaycanın uğurları onları çox sevindirir: “Bu gün dünyada 57 yəhudi icmasının ən böyüyü Azərbaycanda fəaliyyət göstərir. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin bu ölkədə sülh şəraitində yaşaması gözəl nümunədir və biz bu şəraitə görə minnətdarlığımızı bildiririk”.

KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (Avstra­liya) baş katibinin müavini Elham Alşeyni foru­mun təşkilatçılarına minnətdarlığını bildirərək buradakı müzakirələrin regionda sülhü bərqərar edəcəyinə ümidvar olduğunu vurğulayıb. O, rəhbəri olduğu mərkəzin bu təşəbbüsü dəstəklədiyini qeyd edib.

Dünya şöhrətli Azərbaycan əsilli fotojur­nalist Rza Diqqəti bildirib ki, bəşəriyyətdə baş verən müharibə, vəhşilik və qətlləri çəkib ictimaiyyətə nümayiş etməklə insanları sülhə təşviq edə bilərik: “İnsanlara sülhü bəzən şəkil dili ilə də təşviq etmək lazım gəlir. 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırımı və ötən il Gəncəyə raket hücumları zamanı lentə aldığım kadrların beynəlxalq aləmdə nüma­yişi bəşəriyyəti sülhə səsləməklə bərabər, həqiqətləri bəyan etmək baxımından da əhəmiyyətli idi”.

Panel iclasın sonunda çıxışçılar sualları cavablandırıblar.

Forum işini günün ikinci yarısında növbəti panel sessiya ilə davam etdirib.

MƏDƏNİYYƏT bölməsi