“Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb

MƏDƏNİYYƏT
27 Noyabr
23:00

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq, Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb.

 

Konfransda ölkənin ən müxtəlif elm, təhsil ocaqları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Türkiyə, Qazaxıstan, Özbəkistan və İtaliyadan tanınmış şərqşünas alimlər iştirak ediblər.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən muzeyin baş direktoru, akademik Rafael Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami ili” elan olunduğunu xatırladıb, dahi şairin 880 illik yubileyinin yalnız Azərbaycanda deyil, müxtəlif ölkələridə də qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, XVII-XVIII əsrlərdən başlayaraq  Qərbdə Nizaminin təsiri ilə əsərlər yazılmağa başlayıb. Yaradıcılığının ilk günlərindən üzünü dünyaya tutan dahi şair müxtəlif xalqların ortaq sərvətidir. Nizami dünya xalqları qovuşdurmaq üçün gəlmişdi. Mövlanə Cəmaləddin Rumi Nizamini özünə ustad hesab edirdi.

R. Hüseynov bildirib ki, üç gün davam edən konfransda Nizami Gəncəvi əsərlərinin tədqiqi, nəşri, tərcüməsi və incəsənət nümunələrində əksi mövzularına aid 11 bölmədə 100-dən artıq məruzə dinlənilib. O, konfransın işinə qatılan bütün iştirakçılara, xüsusilə İtliya Universitetinin professoru Janpyeri Belinceriyə, Tacikistan Milli ElimlərAkademiyasının Mərkəzi elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru, professor Şodimuxammad Sufizadəyə, Əl-Fərabi adına Qazax Milli Univeristetinin fəlsəfə kafedrasının professoru Qaziz Telebayevə, Türkiyə Səlcuq Universitetinin professoru Ali Temizelə və digər görkəmli nizamişünas alimlərə təşəkkürünü bildirdi.  R.Hüseynov diqqətə çatdırdı ki, bu cür konfransların bir əhəmiyəti də ondan ibarətdir ki, belə tədbirlər yeni əməkdaşlıqlar üçün platformaya çevrilir.

“Nizami ili” çərçivəsində tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliynə toxunan Rafael Hüseynov şairin yaşadığı dövrdən əsrlər keçməsinə baxmayaraq bu gün də bizimlə birlikdə olduğunu, gələcək əsrlərdə də yaşayacağına, əsərlərinin dünyanın daha çox xalqlarının dillərinə tərcümə olunacağına əminliyini ifadə etdi. Akademik sonda konfrans materiallarının tezliklə həm kitab halında, həm də elektron formada oxuculara çatdırılacağını bildirdi.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi