Rusiyanın Kemerovo vilayətində üç günlük matəm elan olunub

XARİCİ XƏBƏRLƏR
27 Noyabr
09:45

Məlum olduğu kimi, noyabrın 25-də sübh tezdən Rusiyanın Kemerovo vilayətinin Belovo rayonunda yerləşən “Listvyajnaya” daşkömür mədənində ağır partlayış hadisəsi baş verib. 

“RİA Novosti”nin məlumatında deyilir ki, “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.

Kemerovo vilayətinin səhiyyə nazirinin müavini Vitali Xeraskov isə bildirib ki, xəsarət alanlar hazırda ciddi həkim nəzarəti altındadır. İlkin ehtimala görə, mədəndə partlayışa kömür külündə yaranan qığılcımın mədənin ventilyasiya sisteminə düşməsi səbəb olub.

Rusiya Federasiyası Baş prokurorunun müavini Dmitri Demeşin hadisənin başvermə səbəbləri barədə deyib: “Çox güman ki, bu, qığılcım səbəbindən metan partlayışıdır. O, mədəndən eşiyə çıxa bilməyən insanları yaralayıb. Çox sayda şaxtaçı həlak olub”. 

Dmitri Demeşin əlavə edib ki, mədəndə baş verən partlayışın səbəblərini araşdırmaq üçün Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri təcili Moskvadan hadisə yerinə gəliblər.

Rusiya mətbuatı yazır ki, artıq hadisə ilə bağlı bir neçə məsul şəxs saxlanılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmisinin sözlərinə görə, ilkin istintaq hərəkətləri zamanı saxlanılan şəxslərin təhlükəsizlik tələblərini pozduqları müəyyən edilib ki, bu da son nəticədə ağır partlayışa gətirib çıxarıb.

Rusiya Texniki Nəzarət Agentliyininin rəsmi nümayəndəsi Andrey Vil jurnalistlərin suallarını cavablandırarkən deyib ki, təmsil etdiyi idarə 2021-ci ildə “Listvyajnaya” mədənində 900-dən çox qanun pozuntusu aşkarlayıb və onun işi 9 dəfə dayandırılıb.

Dünən partlayış zamanı öldüyü güman olunan şaxtaçılardan birinin sağ qaldığı məlum olub. Həmin şəxs təcili olaraq xəstəxanaya çatdırılıb.

Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib. 

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi