ABŞ vətəndaşlarına xəbərdarlıq edib

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
11:08

Ukrayna və Rusiya arasındakı gərginlik səbəbilə ABŞ-ın Kiyevdəki səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda ABŞ vətəndaşlarından Rusiyanın Ukrayna sərhədində və Krımda hərbi fəaliyyətinə qarşı diqqətli olmaları istənilib.

ABŞ səfirliyinin mesajında Rusiyanın Ukrayna ilə sərhəddə, ilhaq edilmiş Krımda hərbi fəaliyyətinə diqqət çəkilib və Krıma səyahət xəbərdarlığının 4-cü səviyyədə olduğu xatırladılıb. Səyahət xəbərdarlığı Krımla yanaşı, Ukraynanın şərqindəki Donetsk və Luqanskı da əhatə edib.

Qeyd edilir ki, ABŞ Prezidenti Co Bayden dünən bəyanatla çıxış edərək, ABŞ-ın Ukraynanın ərazi bütövlüyü və suverenliyinin arxasında olduğunu bildirib.

Rusiyanın Ukrayna sərhədində son hərbi birləşmələri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir və narahatlıqla qarşılanır. Kreml administrasiyası hücuma hazırlıq iddialarını ardıcıl olaraq təkzib etsə də, bu istiqamətdə narahatlıqlar və xəbərdarlıqlar bir-birinin ardınca gəlməkdədir.

Estoniyanın baş naziri Kaja Kallas da bildirib ki, Avropa İttifaqı Ukraynanın mümkün əməliyyatında Rusiyaya qarşı çox sərt mövqe tutacağını açıq şəkildə bildirməlidir. Kallas Rusiyanın Ukrayna sərhədində toplanması ilə bağlı narahatlığını bildirərək qeyd edib ki, Ukraynaya qarşı atılacaq addımın nəticəsinin çox ağır olacağını Rusiyaya aydın şəkildə bildirməyimiz vacibdir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ dövlət katibi Blinkeni qonaq edən Fransa xarici işlər naziri Jan-İv Le Drian da Rusiyanın hərbi fəaliyyətindən Fransanın narahatlığını dilə gətirib. Hazırladı:

Rövşən TOĞRUL, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi