ABŞ və Rusiya hərbçiləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
11:05

ABŞ və Rusiyanın yüksək səviyyəli generalları arasında Rusiya–Ukrayna sərhədində gərginliyin yeni həddə çatması fonunda telefon söhbəti olub. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.  

Qeyd edək ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli və Rusiya Baş Qərargahının rəisi, general Valeri Gerasimov telefon danışığı ilə bağlı məlumatları paylaşıblar.

ABŞ-ın bəyanatına əsasən, “təhlükəsizliklə bağlı narahatlıq doğuran bir neçə məsələ müzakirə edilib”. Daha sonra bəyanatda telefon söhbətinin “risklərin azaldılması və münaqişələrin operativ həllini təmin etmək üçün hər iki lider arasında ünsiyyətin davamı” olduğu qeyd edilib.

Rəsmi Kiyev Rusiya ilə Ukrayna arasında irimiqyaslı müharibənin başlana biləcəyindən narahatdır. Ukrayna kəşfiyyatının hesablamalarına görə, Rusiya hərbçilərinin sərhəddə sayı 90 minə yaxındır. Rusiya Ukraynaya qarşı müharibə etmək niyyətində olmadığını bəyan edib.

ABŞ rəsmiləri kəşfiyyat məlumatlarının qiymətləndirilməsini açıq şəkildə şərh etməkdən imtina edib. Lakin ABŞ-ın yüksək səviyyəli rəsmisi bildirib ki, “Rusiyanın hərbi fəaliyyətləri və Ukraynaya qarşı sərt ritorikası ilə bağlı ciddi narahatlıqlar var”.

Rusiyanın Xarici Kəşfiyyat Xidməti özünün veb səhifəsində ABŞ-ı tənqid edərək, Ukrayna ilə vəziyyəti 2008-ci ildə Rusiyanın müdaxiləsindən əvvəl Gürcüstanla yaranmış gərginliklə müqayisə edib və bunun Gürcüstana baha başa gəldiyini vurğulayıb.

M.HACIXANLI,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi