Rusiya və Gürcüstan arasında növbəti təmas

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
11:01

Gürcüstanın “Sputnik Qruziya” saytının verdiyi məlumata görə, noyabrın 24-də Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin yeni sədri Qriqori Karasin ilə Gürcüstan Baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti onlayn görüş keçirilib.

Görüşdə, eyni zamanda, hər iki ölkənin xarici işlər və nəqliyyat nazirliklərinin nümayəndələri iştirak ediblər.

Aparılan müzakirələr zamanı iki ölkə arasında təhlükəsizlik və humanitar sahədə əməkdaşlığın inkişafı üçün danışıqların Cenevrə formatının böyük əhəmiyyət daşıdığı xüsusilə vurğulanıb. Tərəflər iqtisadi-ticarət, nəqliyyat, əmlak və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivlərini də nəzərdən keçiriblər.

Eyni zamanda, Abxaziya və Cənubi Osetiya regionlarındakı gərgin vəziyyət, insan hüquqlarının pozulması, eləcə də Gürcüstanın “3+3” regional əməkdaşlıq formatında iştirakı barədə məsələlər diqqət mərkəzində olub.

Gürcüstan tərəfi bu təşəbbüsdə iştirak imkanını nəzərdən keçirməyəcəyini bəyan edib.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi