Erməni xəyanəti ustad sənətkarın yaradıcılığında

MƏDƏNİYYƏT
26 Noyabr
10:10

AŞIQ ƏLƏSGƏR – 200  

Aşıq sənətinin əhatə etdiyi zəngin milli-mədəni irs ənənə etibarilə şifahi şəkildə yarandığı kimi, onun geniş ərazidə yayğınlaşması, yaşayıb gələcəyə daşınması da şifahi yolla mümkün olmuşdur. Aşıqlığın təşəkkülündən üzü bu yana uzun yüzilliklər ərzində sayını bilmədiyimiz qədər aşıqlar fəaliyyət göstərmiş olsalar da, sözsüz ki, xalqın poetik duyumu, ədəbi-estetik zövq və mənəvi tələbatının qanunauyğun nəticəsi kimi milli-mədəni yaddaşda əsl sənətkarların yaradıcılığı qorunub yaşamaq hüququ qazanmışdır. 

Təbii ki, müasir texniki imkanların olmadığı dövrlərdə hər hansı bir aşığa məxsus söz-havacat yaradıcılığının regional-məhəlli çevrədən geniş əhatədə sənət arenasına daxil olması müəyyən proses tələb etmişdir. Belə ki, müəyyən mədənicoğrafi ərazidə məşhur olan və el-oba tərəfindən sayılıb-seçilən bu və ya digər ustad sənətkarın yaradıcılığı və sənət yenilikləri müxtəlif yollarla lokal əhatəni aşaraq, başqa aşıq mühitlərinə də daşınaraq, fəal dövriyyəyə daxil olmuş və zaman içərisində, ümumilikdə, Azərbaycan aşıqlığında özünə möhkəm yer qazanmışdır. Bütün bu proses isə nəticə etibarilə, bütövlükdə sözügedən sənətin daha da inkişaf edib zənginləşməsinə gətirib çıxarmışdır. Göyçə aşıq mühitinin yetişdirdiyi qüdrətli saz-söz ustadı Aşıq Ələsgər də məhz belə sənətkarlardan olmuşdur.

Azərbaycan aşıq yaradıcılığının bütöv tarixi-coğrafi arealda xüsusi mövqeyə sahib olan klassik söz yükü ilə yanaşı, Aşıq Ələsgərin poetik örnəkləri də hələ öz sağlığında ikən Göyçə və onun sənət təsirinin güclü olduğu bölgə-mahalların aşıq repertuarında geniş yayılmışdır. Dədə Ələsgər yaradıcılığı və sənət şəcərəsi ilə Göyçədə aşıq sənətinin və ustadşagird ənənəsinin davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynamışdır. Təsadüfi deyil ki, Ələsgərin yaşadığı dövr Göyçə aşıq mühitinin ən qaynar dövrü olmuşdur.

2021-ci il Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə təsadüf edir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Azərbaycan aşıq sənətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsi olan bu sərəncam Ələsgər irsiylə yanaşı, xüsusilə, indiki dönəm üçün aktual olan bir sıra əlaqəli problemlərə də diqqət çəkilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bildiyimiz kimi, “tarixi şəraitdən və sosial-iqtisadi əlaqələrin vəziyyətindən asılı olaraq, Azərbaycan aşıq sənəti təşəkkülündən üzü bu yana həmişə özündə müəyyən mədəni-coğrafi bölgələr toplusunu birləşdirmişdir. Texniki nəqliyyat imkanlarının məhdudluğu və coğrafi şəraitin çətinliyi etnosun məskunlaşdığı ərazilərin bölgələrə – mahallara ayrılmasını təbii bir prosesə çevirmişdir. Borçalıdan Göyçəyə, Göyçədən Gəncəyə, Gəncədən Şirvana, eləcə də Şirvandan Qaradağa, Təbrizdən Urmiyaya gediş-gəliş imkanları böyük zaman apardığından, üstəlik də, coğrafi və iqtisadi cəhətdən əlverişsiz olduğundan həmin ərazilərdə məhdud çevrəli mədəni-iqtisadi əlaqələrə malik bölgələrin yaranıb formalaşması baş vermişdir” (professor Məhərrəm Qasımlı). Ümumilikdə, bir növ, Azərbaycanın tarixi-coğrafi mənzərəsini göz önünə gətirən aşıq mühitləri də məhz bu şəkildə formalaşmış bölgə-mahalların “sosialmədəni zəmini” əsasında meydana gəlmişdir.

Müəyyən mədəni-coğrafi ərazi daxilində aşıq mühiti uyğun regional çevrəni əhatə edir. Göyçə aşıq mühiti də həmçinin. Bildiyimiz kimi, 1905-1906, 1918-1920-ci illərdə erməni quldurları etnik təmizləmə və türk torpaqlarına yiyələnmək məqsədilə Azərbaycanın bir çox ərazilərində, o cümlədən, ölkəmizin indiki coğrafi hüdudlarından kənarda qalan İrəvan, Göyçə, Dərələyəz kimi mahallarda soydaşlarımıza qarşı amansız qırğınlar törətmişlər. 1988-ci ildə isə mənfur düşmən, təəssüf ki, sözügedən mahallarda öz alçaq məqsədinə nail ola bilmişdir. Mədənicoğrafi bölgünü şərtləndirən vacib amillərin (kompakt halda məskunluq, təbiət və ərazi faktoru, iqtisadi-coğrafi amillər...) yaratdığı sistemin pozulması zəbt olunmuş ərazilərlə bağlı səciyyəvi sosial-mədəni və etnoqrafik məzmuna da mənfi təsirini göstərmiş, Göyçə və digər aşıq mühitlərini isə sıradan çıxarmışdır.

Ötən əsrin birinci rübündə ermənilərin xalqımıza qarşı milli zəmində törətdikləri hadisələrin ağrı-acısına Aşıq Ələsgərin poetik yaradıcılığında da rast gəlinir. Bu kontekstdə onun müqayisəli təsvir üsulu ilə yaratdığı məşhur “Dağlar” şeiri poetik ifadəliliyi və ekspressiv təsirliliyi baxımından daha çox diqqəti çəkir:

Bir ay yarım nobahardan keçəndə

Car olur köksündə sellərin, dağlar.

Çalxanır sonalar, çığrışır qazlar,

Zəmzəm zümzüməli göllərin, dağlar.

Hanı mən gördüyüm qurğu-büsatlar?

Dərdməndlər görsə, tez bağrı çatlar.

Mələşmir sürülər, kişnəşmir atlar,

Niyə pərişandı halların, dağlar?!

Şeir təbiət obyektinə ağır yığnaqlı, qurğu-büsatlı keçmişini xatırladıb bu gününün pərişan, ağrılı mənzərəsilə bağlı – “Hanı bu yaylaqda yaylayan ellər?”; “Hanı mərd igidlər, boş qalıb yurdu?” kimi ritorik suallar ünvanlayan aşığın həsrət və nisgilini əks etdirir. Baş verən hadisələrdən dolayı aşığın mənəvi-psixoloji yaşantıları və daxili iztirablarından yaranan şeir dağlara – yurda xitabən söylənilən və poetik məzmunun əsas ağırlığını ifadə edən güclü emosional-ekspressiv təsirə malik – “Arsız aşıq elsiz necə yaşadı? Ölsün Ələsgərtək qulların, dağlar!” – misraları ilə bitir. Bununla, ayrılıq acısı çəkən aşığın mətnin alt qatından görünən psixoloji obrazının təsviri də tamamlanır.

“Dağlar” şeiri 1905-ci il hadisələri ilə əlaqəli olsa da, məzmun etibarilə sanki aşığın daha ağır sarsıntılara məruz qaldığı 1918-1920-ci illərdəki müsibətlərlə bağlı yaranmışdır.

Aşıq Ələsgər 1918-ci ildə mənfur ermənilərin Göyçə və ətraf ərazilərdə törətdikləri müsibətlərin ağrısını şəxsi taleyində yaşamış, ömrünün ahıl çağında doğma yurdu tərk etmək məcburiyyətində qalaraq, üç il Kəlbəcərin Qanlıkənd kəndində köçkün olmuşdur. Həmin günlərdə Kəlbəcərə sarı üz tutan insanların bir hissəsi dağların aşırımında qarborana düşüb həyatını itirir. Şaxtada donub ölənlərin içində bir zamanlar Ələsgərin sevib qovuşa bilmədiyi, artıq yaşı doxsanı ötmüş Səhnəbanı da olur. Hər yerdə qırğınlar törədən, evləri talan edib yandıran erməni quldurları 1919-cu ildə “barışıq” adı ilə soydaşlarımızı aldadıb bir yerə yığaraq daha bir kütləvi qırğın törədirlər. Ələsgərin sevimli şagirdi olmuş daşkəndli Nəcəf də həmin vaxt faciəli şəkildə qətlə yetirilir. Ustad sənətkar o zamanlar artıq aşıqlıq etməsə də, bu müsibətlərin – minlərlə insan itgisinin, ayrı düşmüş el-oba dərdinin, yurd həsrətinin... doğurduğu daxili-psixoloji yaşantılarını poetik sözlə ifadə edir:

Müxənnət meydanda “mənəm” deyibdi,

Bu dərd Ələsgərin qəddin əyibdi.

Yapalaqlar kəklik alıb yeyibdi,

Laçın ölüb, o tərlanlar itibdi. 

Qeyd edək ki, aşığın bu qəbildən olan nisgil, həsrət, etiraz, şikayət motivli poetik nünunələri sözügedən hadisələrdən bəhs edən “Dəyirmançı aşıq” dastan-rəvayətində də yer almışdır:

Dad sənin əlindən, çərxi-kəcmədar!

Ürəyimdə yüz dərmansız yaram var.

Aşıq – dəyirmançı, ağa – çarvadar,

Sərraf gəlsin, bu bazara dolansın.

 

Zalım cəllad nə giribdi qəsdinə?

Xəbər verin övladına, dostuna.

Şahlar şahı sayə salsın üstünə,

Ələsgər tək baxtı qara dolansın.

Qanlıkənddə yaşayarkən yurda salamat dönmək üçün Allahdan möhlət istəyən yaşı yüzü haqlamış aşıq, təxminən, üç ildən sonra doğma ocağına qayıdır və bir neçə ildən sonra – 105 yaşında, özünün dilədiyi kimi, elində-obasında dünyasını dəyişir. Nə biləydi ki, illər sonra insanlar yenə də doğma yurddan pərənpərən salınacaq, sahibsiz məzarlar isə erməni vandalizminə məruz qalacaq... 

Yalanlar uydurub torpaqlarımıza göz dikən ermənilər, daha dəqiq ifadə etsək, haylar öz miskin keçmişləri ilə bağlı gerçəkliklə gectez barışmalı olacaqlar. Gerçəklik isə bundan ibarətdir ki, haylar indiki “Ermənistan”a gəlmə, köçürülmə ünsürlərdir və yaşadıqları yerlər əzəli Azərbaycan-türk torpaqlarıdır. Bunun üçün həmin yerlərin toponimiyasına nəzər salmaq kifayətdir. 

Professor Məhərrəm Qasımlının təsnifatında ayrı-ayrı bölgə-mahalları işarələyən aşıq mühitlərinin tarixi mənzərəsi də bu baxımdan diqqəti çəkir. Yuxarıda da qeyd edildiyi kimi, tarixi etnocoğrafi məskunluq faktoruna uyğun şəkildə müəyyənləşdirilmə həm müvafiq regional mədənicoğrafi ərazilərin içərilədiyi aşıq mühitlərinin, həm də müəyyən dərəcədə Azərbaycanın tarixi-coğrafi mənzərəsini canlandırır.

Yubiley Ələsgər irsinin yeni yanaşma yolu ilə öyrənilməsi, aşığın həyatının vacib məqamlarının araşdırılması, həmçinin yuxarıda sözügedən məsələlərə xüsusi diqqət çəkilməsi və bəlli istiqamətdə tarixi faktlara yönəli ideoloji təbliğatın aparılması üçün nəinki geniş imkanlar açır, bunu, bir növ, zərurətə çevirir. Bu baxımdan, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi təkcə mədəni deyil, eyni zamanda, tarixi-siyasi kontekst daşıyır.

Aynur XƏLİLOVA,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru,

dosent

MƏDƏNİYYƏT bölməsi