Belarus sərhəddəki qaçqınları logistika mərkəzinə yerləşdirib

XARİCİ XƏBƏRLƏR
20 Noyabr
02:57

Belarus–Polşa sərhədindəki “Bruzqi” buraxılış məntəqəsi yaxınlığında salınmış qaçqın düşərgəsi tamamilə boşaldılıb və miqrantlar nəqliyyat-logistika mərkəzinə yerləşdirilib. Bu barədə Belarus Dövlət Sərhəd Komitəsinə istinadən “Anadolu” xəbər verib.

 

Komitənin yaydığı məlumatda bildirilir: “Ha­vaların qəfil pisləşməsi və xüsusilə uşaqların həyatı üçün təhlükə yaranması ilə əlaqədar “Bruzqi” məntəqəsi yaxınlığındakı bütün qaçqın­lar könüllü surətdə nəqliyyat-logistika mərkəzinin ərazisinə yerləşdirilib”.

Məlumata görə, qaçqınlar burada isti yemək, geyim və ilkin tələbat malları ilə təmin olunurlar. Eyni zamanda, bütün ehtiyac duyanlara tibbi yardım göstərilir.

Qeyd edək ki, bir qədər əvvəl Belarus Preziden­ti Aleksandr Lukaşenko logistika mərkəzinin Polşa ilə sərhəddə cəmləşmiş qaçqınların qəbulu üçün hazırlanması barədə göstəriş verib. Dövlət başçısı bu vəzifəni Qrodno vilayətinin qubernatoruna və region üzrə köməkçisinə həvalə edib.

Belarusun Səhiyyə Nazirliyi qaçqın düşərgəsinə əlavə təcili yardım briqadaları göndərdiyini bildirib.

Prezident Lukaşenko Av­ropa İttifaqına 2 min nəfərlik qaçqın kütləsinin Almaniyaya keçməsi üçün Belarus–Pol­şa sərhədindən başlayaraq humanitar dəhliz açılması­nı təklif edib. Prezidentin mətbuat katibi Natalya Eys­mont bildirib ki, Lukaşenko Almaniya Kansleri vəzifəsini müvəqqəti icra edən Ange­la Merkellə telefon söhbəti zamanı bununla bağlı razılıq əldə olunub. Onun sözlərinə görə, artıq Brüssel 2 min qaçqının qəbulu üçün hu­manitar dəhliz yaradır, qalan 5 min miqrantın vətənlərinə qaytarılmasını isə Belarus hökuməti öz üzərinə götürüb.

Belarus rəsmilərinin məlumatına görə, hazırda ölkə ərazisində 7 minə qədər qaçqın cəmləşib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi