Azərbaycanda yeni film çəkilib

MƏDƏNİYYƏT
20 Noyabr
02:51

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

Kinostudiyadan verilən məlumata görə, film uğursuz rəssamın sevgilisi ilə qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

Ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirovdur.

Baş rollarda aktyorlardan Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edib. Filmin gələn il tamaşaçılara təqdim edilməsi planlaşdırılır.

Qeyd edək ki, film rejissor Asif Rüstəmovun ikinci tammetrajlı işidir. Daha öncə ərsəyə gətirdiyi ilk tammetrajlı bədii filmi “Axınla aşağı”nın dünya premyerası 2014-cü ildə “Karlovy Vary” Beynəlxalq Film Festivalının müsabiqə bölümündə baş tutmuşdu. Film daha sonra bir çox prestijli festivallara dəvət alaraq, müxtəlif nominasiyalar üzrə müka­fatlara layiq görülüb.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi