Xalçaçılıq sənətimizin Lətif Kərimov zirvəsi

MƏDƏNİYYƏT
20 Noyabr
02:48

 

 

Bu günlər Azərbaycan xalçaçılıq sənətinin elmi əsasını qoymuş Xalq rəssamı Lətif Kərimovun 115 illiyi qeyd olunur. Bu münasibətlə Lətif müəllimin tələbələrindən biri, Birləşmiş Millətlər Təşkilatının UNCOPA (Beynəlxalq Təltiflər Şurası) tərəfindən “XXI əsrin lider şəxsi” beynəlxalq diplomu və Avropanın nüfuzlu Leybnis medalı ilə təltif edilmiş sənətşünaslıq üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi Röya Tağıyeva ustadı haqqında xatirələrini “Xalq qəzeti”nə göndərmişdir. Həmin materialı təqdim edirik:

115 il əvvəl Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərində bir uşaq dünyaya gəlir. Dağların ucalığı, təbiətin gözəlliyi və rənglərin harmoniyası onu məftun edir. O, dünyaya bu gözəllik prizmasından baxır və sanki, ömrü boyu onu müşayiət edəcək naxışların sehrinə düşür. Anası Telli xanımın toxuduğu Qa­rabağ xalçalarının nəfis cilvələri, təbiətə vurğunluğu onun gələcək taleyini müəyyənləşdirir.

Rəssam özü haqqında deyirdi: “Torpaqdan irəli xalça görmüşəm. Anam Telli Hacınəsib qızı xalça­çı idi. Onun toxuduğu “Ləmpə”, “Dəryanur”, “Saxsıda güllər” xalça­ları çox məşhur olub. Mən o xal­çaların üstündə iməkləmişəm, dil açmışam, yerimək öyrənmişəm. Təkcə anam deyildi xalçaçı. Bu sənət bizim Allahverənlər tayfası­nın çörək ağacı sayılırdı”.

Balaca Lətif 1912-ci ildə ailəsi ilə birlikdə İranın Məşhəd şəhərinə köçməli olur. Bura­da xəttatlıq sənətinin sirlərini öyrənir, rəssamlıq bacarıqlarını təkmilləşdirir. 1922-ci ildə məktəbi bitirdikdən sonra Mirzə Hüseyn Ələkbərzadənin xalça emalat­xanasında əvvəlcə təlimatçı köməkçisi, sonra təlimatçı, rəssam kimi fəaliyyət göstərərək püxtələşir və xalça sənətinə mükəmməl yiyələnir. Təbriz və Ərdəbil şəhərlərində məşhur xalça mərkəzlərini gəzir, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənir.

1928-ci ildə Vətənə dönüb, Şuşada “Qarabağxalça” artelində təlimatçı kimi fəaliyyətə başlayır. 1930-cu ildə “Azərxalça” İsteh­salat Birliyində rəssam-təlimatçı, sonradan oranın bədii-texniki rəhbəri vəzifələrində çalışır, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri işləyir, 1960-cı ildən ömrünün sonuna kimi Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir.

Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin banisidir. Azərbaycan xalça sənətinin elmi əsaslarla öyrənilməsi və peşəkar xalçaçı rəssamların yetişdirilməsi məhz onun adı ilə bağlıdır. Lətif müəllimlə ilk tanışlığım tələbəlik illərinin sonunda Xalça Muzeyinə təcrübəyə göndərilməyimlə başladı və ilk tanışlıq, bu təcrübə taleyimdə həlledici rol oynadı. Lətif müəllim deyirdi ki, “Röya, mən bu sənəti nənələrdən öyrənmişəm, onların yanında dayanaraq, işlərinə baxaraq sənətin sirlərinə vaqif olmuşam. Sən isə bu gün məndən öyrənirsən və mən inanıram ki, bu sənəti davam etdirəcəksən”.

O, xalçalarımızın vurğunu idi, xalçaların kompozisiyalarını, hər xalça məktəbinin özəlliklərini biz tələbələrinə böyük həvəslə öyrədir, suallarımıza səbrlə cavab verir və sənətin incəliklərini izah edirdi. Bu şəxsiyyətdə öyrətmək, paylaşmaq xüsusiyyətləri yara­dıcılıqla bir araya gələndə artıq fenomenal məna kəsb edirdi.

Onun sehrli, ilməli dünyası məhz xalçadan başlayır, lakin o təkcə хalçaçılıq sahəsində dеyil, dеkorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib. O, nadir ornamental, süjetli-te­matik xalçaların, metal, mərmər, çini məmulatının müəllifi, görkəmli qrafik-rəssam idi.

Sənətkar, həmçinin Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskvada Ümumitti­faq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Azərbaycan pavil­yonunun portalları, tağları və interyerlərini bəzəyən müxtəlif memarlıq ornamentlərinin müəllifi olub.

Bu böyük sənətkarın fəaliyyəti, sənətşünas kimi tədqiqatları daim yüksək qiymətləndirilib. Böyük elmi əhəmiyyəti olan əsərlərinə, xüsusən “Azərbaycan хalçalarının ornamentlərinin mənşəyi” kitabına görə 1950-ci ildə Lətif Kərimova Leninqrad (indiki Sankt-Peterburq) şəhərində sənətşünaslıq namizədi alimlik dərəcəsi vеrilib. Onun mo­numental tədqiqat işlərindən biri – üç cildlik “Azərbaycan xalça­sı” kitabı bu sənətlə bağlı müasir dövrümüzdə də dəyərli nəşr hesab edilir.

Lətif müəllımın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü L.Kərimov I dərəcəli Dövlət mükafatı laureatı idi, “Əməkdar incəsənət xadimi”, “Xalq rəssamı” kimi fəxri adlara, orden və me­dallara layiq görülmüşdü. O, Azərbaycan mədəniyyətini dün­yanın bir çox ölkəsində məharətlə təmsil etmişdi.

Lətif Kərimov Azərbaycan хalçaçılığının müхtəlif növlərinə aid kompozisiya və naхışları toplayıb və Quba, Şirvan, Bakı, Qazaх, Gəncə, Qarabağ, Təbriz хalça qruplarına daхil olan 150-dən artıq хovlu və хovsuz хalça məmulatı çеşnilərini yığıb, onların rəngli rеproduksiyasını hazırlayıb. Nədənsə, mən onun bir fikrini də yadıma saldım: “Çox çətindir rəqabətsizlik hiss etmək.” Bu sənətdə onun rəqibi yox idi. Bunu özü də anlayırdı. Lətif müəllim həm Azərbaycan xalçalarını, həm də öz adını dünyada əbədiləşdirib.

Xoşbəxtəm ki, Lətif müəllim kimi həm tələbkar, həm də mərhəmətli ustadım olub. Bu gün də onun verdiyi məsləhətlər, nəsihətlər həyatıma işıq salır. O, həmişə deyirdi: “Sənin nənən xalça toxuyurdu, sənin bu sənətə gəlməyin təsadüfi deyil. Bunu həmişə yadda saxla. Sənin qanın­da Şuşamın ruhu var. Sən məni yaxşı anlayarsan”. Qarabağ torpa­ğına çox bağlı idi Lətif müəllim!

Mən onun şagirdi və davam­çısı olduğumdan şərəf duyuram. Heç zaman Azərbaycan milli xalçaçılıq sənətinin mayasın­da duran, xalqına ona xas olan unikal sənəti aşılayan ustadı unutmuram. Bir gün Lətif müəllim V.Q.Moşkovanın “XIX əsrin axırı – XX əsrin əvvəllərində Orta Asiya xalqlarının xalçaları” adlı kitabını mənə bağışladı və kitabın üzərinə yazdığı avtoqrafda məni “gənc sənətşünas” və “xalçaşünas” ad­landırdı. Bu yazı artıq mənim üçün yol göstəricisi oldu.

Xalça sənəti elmində ilk böyük addımım 1983-cü ildə L.Kərimovla birlikdə Londonda tanınmış “Halı” jurnalında nəşr olunan “Vağ-Vağ” məqaləm oldu. “Lətif Kərimov fenomeni” kitabımda, həmçinin müəllifi olduğum “Həyatımın naxışları” sənədli filmində də ona hörmətim, minnətdarlığım öz əksini tapıb. İngilis dilində çap olunmuş “Azərbaycan xalçala­rı ensiklopediyası”nı ustadım Lətif Kərimovun xatirəsinə həsr etmişəm.

Onun necə insan olduğunu, həyat yolunu bilmək istəyənlər “Həyatımın naxışları” xalçasına baxıb çox şeyləri öyrənə bilərlər. Mənim üçün Lətif Kərimov adı­nın arxasında incə hissiyyatlı, öz əqidəsində qətiyyətli insan, sənətkar, alim bir insanın taleyi canlanır.

Lətif Kərimov 1991-ci ildə dünyasını dəyişib. Onun cismani yoxluğu Azərbaycan mədəniyyəti üçün çox böyük itki idi.

Lətif müəllimin bu sözlərini tez-tez xatırlayıram: “Röya, xalçadan möhkəm tut! Bu sənət heç vaxt səni tənha qoymaz, sənə xəyanət etməz. Ancaq bu sənət səninlə qa­lacaq. Xalça həmişə səni saxlayar, kömək edər və sevindirər.”

Lətif müəllimə söz vermişdim ki, həyatım boyu bu sənətə bağlı olacağam və bu gün də sözümün üstündə durmuşam. Həm 49 il çalışdığım onun yaratdığı, dün­yada birinci Xalça Muzeyində, həm də bir zamanlar onun fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində…

Bir məqamı da xüsusilə vur­ğulamaq istəyirəm, Lətif müəllim Azərbaycan xalçası adını hələ 1983-cü ildə ilk dəfə UNESCO səviyyəsinə qaldırdı və ölkəmizdə ilk beynəlxalq xalça simpoziumu­nun keçirilməsinə nail oldu. Biz də “Azərbaycan xalçaçıları” İctimai Birliyi olaraq bu yolu davam etdirib, UNESCO-da Azərbaycan xalçaçılıq sənəti ənənəsinin Qeyri-Maddi Mədəni İrsin Repre­zentativ Siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış etdik və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan xalçası bu siyahıya daxil edildi. İctimai Birlik isə 2012-ci ildən bəri UNESCO-nun Qeyri- Maddi Mədəni İrsin Qorunması Kon­vensiyasının Hökumətlərarası Komitəsinin QHT Forumunda ölkəmizi uğurla təmsil edir.

Bu gün də xalça sənətinin elmi inkişafı sahəsində əldə etdiklərimi ustadım, Xalq rəssamı, dekorativ-tətbiqi sənətimizin inkişafında əvəzsiz xidmətləri olan Lətif Kərimovun adı ilə bağlayır və onu hər zaman böyük ehtiramla yad edirəm.

Röya TAĞIYEVA,

sənətşünaslıq üzrə elmlər doktoru, professor

MƏDƏNİYYƏT bölməsi