“Dubay Ekspo 2020” sərgisinin Azərbaycan pavilyonunda “Fasiləsiz enerji təchizatı: gələcəyə baxış” mövzusunda təqdimat

MƏDƏNİYYƏT
20 Noyabr
02:32

 

 

Ekspo sərgilərinin ən böyük əhəmiyyəti onun biznesin təşviqi, ölkələrarası dialoqun inkişafı, mədəniyyətin təbliği, innovasiyaların təqdimatı və digər mövzularda geniş platforma yaratmasıdır.

“Bu baxımdan “Dubay Ekspo 2020” kimi beynəlxalq platformada Azərbaycan 6 ay ərzində iştirak­çı ölkə kimi yerli özəl və dövlət qurumlarının təqdimatı ilə yarar­lana bilər. Bu məqsədlə müxtəlif sahələrdə innovativ layihələrin, ixrac potensialı olan məhsulların təqdimatı, biznes forumlar, turizm tədbirləri, ekoloji, mədəniyyət tədbirləri və investisiya imkan­larının təqdimatını əks etdirən tədbirlər keçirilir.

“Dubay Ekspo 2020” sərgisinin Azərbaycan milli pavilyonun­da növbəti təqdimatı “Azərişıq” ASC tərəfindən “Fasiləsiz enerji təchizatı: gələcəyə baxış” mövzu­sunda keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin “ASAN xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə Azərbaycanın müasir elektrik şəbəkə sistemi haqqında videomateriallar əsasında geniş məlumat verib. Onun təqdim etdiyi videotəqdimatda işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Tərtərdə “Suqovuşan-1” və “Suqo­vuşan-2” Kiçik Su Elektrik stansi­yalarının, “Şuşa” yarımstansiyası­nın və digər bölgələrdə ən müasir elektrik stansiyalarının açılışında Prezident İlham Əliyevin iştirakı əks olunub.

İ.İsazadə Azərbaycanın enerji şəbəkəsi sistemi barədə geniş təqdimat edib. O qeyd edib ki, müasir SCADA sistemi monitorinq və ya idarəetmə obyekti haqqında məlumat toplama, emal, nümayiş və arxivləşmə sistemlərinin real vaxt rejimində fəaliyyətini təmin edir. SCADA sistemi əməliyyat-texnoloji və situasiya idarəetmə proseslərini optimallaşdırmağa, istehsal xərclərini azaltmağa və qərar vermə səmərəliliyini artırmağa imkan verir. Bundan başqa, rəqəmsal yarımstansiya məlumatların rəqəmsal formatda ötürülməsinə əsaslanan moni­torinq, mühafizə və idarəetmə sistemi olan aktiv-adaptiv (in­tellektual) elektrik şəbəkəsinin elementidir. Rəqəmsal yarımstan­siya texnologiyası, yarımstansi­yaların inşaat xərclərini, ölçülərini azaltmağa, etibarlılığını artırmağa və nəticədə xərcləri artırmadan istehlakçıya enerji tədarükünün keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Eyni zamanda, “yaşıl enerji” mənbələrinin şəbəkəyə in­teqrasiyası tam təmin edilir, “ağıl­lı” idarəetmə sistemi tətbiq olunur. Şəbəkələrin dron-monitorinq sisteminin isə, xüsusilə, çətin gedilən ərazilərdə və fövqəladə hallarda istifadəsi elektrik şəbəkəsi qurğularının vəziyyəti haqqında operativ məlumat əldə etmək üçün optimal vasitələrdən biridir. Azərbaycanın elektrik enerjisi sistemində ilk dəfə olaraq, yarımstansiyada günəş enerjisi ilə çalışan fotovoltaik panellər quraşdırılıb. Günəş panelləri ilə toplanan enerji litim batareyalar vasitəsilə depolanaraq yarıms­tansiyada qəza hallarında daxili tələbatın ödənilməsində istifadə olunmaqdadır. Bununla qəza hallarında yarımstansiyanın daxili tələbatının təmin olunması mümkün olacaq. Daha bir yenilik bərpa olunan enerji mənbələri sahəsində Yeni Yaşma Külək stansiyasıdır. Belə ki, 50 MVt-lıq Yeni Yaşma KEP Qafqazın ən böyük Külək Elektrik Parkı olmaqla ekoloji baxımdan ən təmiz enerji istehsal edən elektrik stansiyasıdır. Buna görə də, bu stansiya digər elektrik stansi­yaları ilə müqayisədə ölkəmizin enerji sənayesi üçün daha çox əhəmiyyət kəsb edir.

Qeyd edək ki, bu günədək “Dubay Ekspo 2020” ümumdünya sərgisi çərçivəsində Azərbaycanın turizm potensialının tanıdılması məqsədilə Azərbaycan Turizm Bü­rosu və Yaxın Şərqdə turizm üzrə ixtisaslaşmış nüfuzlu şirkətlərin nümayəndələri arasında işgüzar görüşlər keçirilib.

Həmçinin 2021-ci ilin okt­yabr ayında ümumdünya sərgisi çərçivəsində Azərbaycan turizm həftəsi təşkil edilib, ölkəmizin aqro və qastro turizm imkanları təqdim olunub.

Yeni əməkdaşlıq əlaqələrinin qurulması, potensial biznes tərəfdaşları və investorlarla dialoq yaratmaq baxımından böyük önəm kəsb edən bu beynəlxalq platforma çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi müxtəlif görüşlər keçirib.

Energetika Nazirliyi tərəfindən isə bu ay “Dubay Ekspo 2020” ümumdünya sərgisində bərpa olunan enerji sahəsinə dair konf­rans təşkil olunub. Azərbaycanda “yaşıl enerji” sahəsinə xarici sərmayələrin cəlb edilməsi məqsədilə keçirilən bu tədbirdə sərgidə iştirak edən investorlara ölkəmizin bərpa olunan enerji po­tensialı, özəl sektorla əməkdaşlıq üçün yaradılmış imkanlar haqqın­da məlumat verilib.

Oqtay BAYRAMOV, AZƏRTAC-ın xüsusi müxbiri

Dubay

MƏDƏNİYYƏT bölməsi