Pedro Sançes: İspaniya istəyir ki, Türkiyə Avropa İttifaqının üzvü olsun

XARİCİ XƏBƏRLƏR
19 Noyabr
00:36

 

 

Avropa İttifaqı Türkiyə ilə münasibətlərə strateji nöqteyi-nəzərdən yanaşmalı və əlaqələrin inkişafı üçün konkret addımlar atmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İspaniyanın Baş naziri Pedro Sançeslə birgə mətbuat konfransında bəyan edib. Məlumatı “Anadolu” verib.

Ərdoğan deyib: “Türkiyə öz tərəfindən dialoqla bağlı prinsipial mövqe və səylər nü­mayiş etdirib”. Onun sözlərinə görə, Aİ üzv ölkələrin kiçik bir qrupunun ambisiyalarının qurbanı olmamalı, onların üzündən Aİ və NATO arasında münasibətlər zəifləməməlidir.

Türkiyə liderinin fikrincə, Ankara və Brüssel arasında Gömrük İttifaqının yenilənməsi və Türkiyə vətəndaşlarına viza verilməsinin liberallaşdırılması üzrə işlərə mümkün qədər tez başlanmalıdır.

Ərdoğan bildirib ki, Türkiyə və İspaniya Aİ-nin və NATO-nun sərhədlərinin miqrant­ların nəzarətsiz axınından qorunmasında əsas yükü üzərlərinə götürür. Ona görə də “miqrasiya yükünün ədalətli bölünməsi” üçün “birgə siyasət” hazırlanmalıdır.

Tükiyənin dövlət başçısı İs­paniya ilə əməkdaşlığı yüksək qiymətləndirərək deyib ki, Ankara və Madrid artıq birgə səylərlə təyyarədaşıyan gəmi yaradıb və o, tezliklə suya bu­raxılacaq. Ölkələr gələcəkdə bundan da böyük bir gəmi və sualtı qayıqlar istehsal etmək niyyətindədirlər: “Biz müdafiə sənayesi, döyüş və silahsız PUA-lar istehsalı sahəsində birgə çox iş görə bilərik. Ankara və Madrid ikitərəfli münasibətləri “hərtərəfli tərəfdaşlıq” səviyyəsinə qaldır­maq niyyətindədirlər”.

Ərdoğan Rusiyadan alınan S-400 zenit-raket kompleksləri (ZRK) barədə də danışaraq deyib ki, Türkiyə və Rusiya bu sistemlərin birgə istehsalı ilə bağlı detalları açıqlamamaq barədə razılığa gəlib.

Baş nazir Sançes də ikitərfli əlaqələrin çox yüksək səviyyəyə çatdığını bəyan edib: “İspaniya istəyir ki, Türkiyə Aİ-nin üzvü olsun”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi