Senator Antonio Anastasiya Braziliya ilə Azərbaycan arasında əməkdaşlıqdan bəhs edib

XARİCİ XƏBƏRLƏR
19 Noyabr
01:00

 

 

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən verilən məlumatda bildirilir ki, Federal Senatın iclasında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri senator Antonio Anastasiya bir həftə öncə Azərbaycana səfər təəssüratlarından bəhs etmişdir.

Senator Antonio Anastasiya (PSD-MG) Azərbaycana səfəri barədə məlumat vermiş, işğaldan azad olunmuş Qarabağ torpaqlarında Braziliyanın kənd təsərrüfatı sahələrində əməkdaşlıq vasitəsilə bərpa və yenidənqurma işlərində iştirak imkanlarından danışmışdır. Qeyd olun­muşdur ki, Ermənistan ilə uzun sürən münaqişədən sonra Qarabağ yenidən Azərbaycana qayıtmışdır.

Senator demişdir: “Braziliya əməkdaşlığa dəstək vermək niyyətindədir və sülh prosesinin möhkəmlənməsi üçün geniş imkanları da var. Braziliyanın həmin regionda daha artıq geosiyasi mövqeyə malik olması, şirkətlərimizə və universitetlərimizə əməkdaşlıq üçün yeni imkanlar açar. Paytaxt Bakıda hakimiyyət nümayəndələri ilə, o cümlədən Azərbaycan Respublikasının xarici işlər naziri ilə söhbət zamanı işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, eləcə də digər sahələrdə əməkdaşlıq imkanların mövcudluğu və real əməkdaşlıq niyyəti çox aydın ifadə olundu”.

Antonio Anastasiya qeyd etmişdir ki, Braziliya 1990-cı illərdə Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həlli məsələsinə dəstək vermişdir.

Senator diqqətə çatdırıb ki, Azərbaycan hökumətinin dəvəti əsasında baş tutan səfər zamanı azad olunmuş Ağdam rayonunda və Gəncədə olub. Senatorun çıxışı Senatın radiosunda və televiziyasında yayımlanıb.

Linki təqdim edirik:

https://www12.senado.leg.br/noticias/materias/2021/11/10/anastasia-relata-possibilidade-de-acordo-de-cooperacao-entre-brasil-e-azerbaijao

Samirə ƏLIYEVA,

“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi