Avstriyada iki federal əyalətdə gələn həftədən sərt karantin rejimi qüvvəyə minəcək

XARİCİ XƏBƏRLƏR
18 Noyabr
18:51

Avstriyanın iki federal əyalətində gələn həftədən etibarən bir neçə həftəlik sərt karantin rejimi qüvvəyə minəcək.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumatı Yuxarı Avstriya federal əyalətinin qubernatoru Tomas Şteltser təsdiqləyib. O bildirib ki, əgər noyabrın 19-da ölkənin doqquz federal əyalətini özündə birləşdirən Qubernatorlar Konfransı bütün ölkəni əhatə edən lokdaun barədə qərar verməzsə, o zaman yoluxmaların rekord həddə çatdığı Yuxarı Avstriya və Zalsburq əyalətləri bütün əhali üçün lokdaun tətbiq edəcəklər. Şteltserin sözlərinə görə, yoluxmaların sayının yüksək olması və xəstəxanaların reanimasiya şöbələrindəki vəziyyət təxirəsalınmaz sərt qərarların verilməsini labüd edir.

Qeyd edilməlidir ki, Avstriyada noyabrın 15-dən etibarən peyvənd olunmayan şəxslər üçün sərt karantin rejimi qüvvəyə minib. Lakin ekspertlər bu qaydanın yoluxmanın sürətli artımı qarşısında yetərsiz olduğunu bəyan edərək, hökuməti sərt addımlar atmağa çağırıb. Gündəlik yoluxmaların sayı ölkə üzrə 15 min nəfərdən yüksək olduğuna görə, hökumət noyabrın 19-da federal əyalətlərlə birlikdə yeni məhdudiyyətlər barədə qərar qəbul etməlidir.

XARİCİ XƏBƏRLƏR bölməsi