Anar Kərimov violin ustası Dmitri Sitkovetskini qəbul edib

MƏDƏNİYYƏT
18 Noyabr
12:01

Tanınmış violin ifaçısı, dirijor, əslən Bakıdan olan Dmitri Sitkovetski Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə yubiley tədbirlərinə dəvət alaraq, Bakıya gəlib.

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, səfər çərçivəsində D.Sitkovetski mədəniyyət naziri Anar Kərimovla görüşüb.

Görüşdə həmçinin Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Acalova da iştirak ediblər.

Məşhur musiqiçini səmimi salamlayan Anar Kərimov onu Bakıda görməyindən məmnunluğunu ifadə edib. Həmçinin yaradıcılığını yaxından izlədiyini vurğulayıb.
Dəvət üçün nazirə təşəkkürünü ifadə edən D. Sitkovetski Azərbaycana hər səfərinin dərin və xoş təəssüratlarla yaddaşına həkk olunduğunu, hər dəfə yeniliklərə, inkişafa şahidlik etdiyini bildirib.

Əslən bakılı musiqiçilər dünya şöhrətli pianoçu Bella Davidoviçin və violin ifaçısı Yulian Sitkovetskinin ailəsində Bakı şəhərində dünyaya gələn sənətkar qəlbən özünü hər zaman bakılı hesab etdiyini bildirib. Həmçinin ölkəmizdə klassik musiqi ənənəsini dirçəltməyin, dünya şöhrətli ifaçıların iştirakı ilə müxtəlif rəngarəng festivalların keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, keyfiyyətli, əsrarəngiz musiqi mədəniyyətinin vəhdətion görüşdüyü Azərbaycan tarixən sənətsevərlərin diqqət mərkəzində olub. O, bundan sonra da sözügedən ənənələri yaşatmaq üçün öz üzərini düşən öhdəlikləri qürurla yerinə yetirmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Xatırladaq ki, 18-19 noyabrda musiqiçinin iştirakilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində ustad dərsi və çıxışı baş tutacaq.

MƏDƏNİYYƏT bölməsi