“Azərxalça” ASC-nin “Qarabağ xalçalarınayeni baxış” xalça kolleksiyasının təqdimatı olub

MƏDƏNİYYƏT
18 Noyabr
10:32

Vətən müharibəsinin ildönümünün qeyd olunması və Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin 2010-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 11-ci ildönümü münasibətilə “Azərxalça” ASC özünün “Qarabağ xalçalarına yeni baxış” xalça kolleksiyasını təqdim edib.

“Azərxalça” ASC-dən bildirilib ki, Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə tariximizdə yeni səhifə açdığı kimi, “Qarabağ xalçalarına yeni baxış” kolleksiyası da xalçasevərlərin diqqətinə Qarabağ xalçalarının yeni obrazını təqdim edəcək.

Noyabrın 17-də kolleksiyanın “Azərxalça”nın İçəri şəhərdə yerləşən sərgi salonunda geniş təqdimat mərasimi keçirilib. Yeni Qarabağ xalçaları Əməkdar rəssam Rəşad Ələkbərovun ideyaları əsasında “Azərxalça” ASC-nin yaradıcı qrupunun iştirakı ilə hazırlanıb.

Kolleksiya çərçivəsində Rəşad Ələkbərov Qarabağ xalçaçılıq məktəbinə aid “Qasımuşağı” xalçasının 4 müxtəlif rəngdə və müasir zövqə, interyerə uyğun dizaynda təqdim edib. Hər bir xalçanın dizaynına 4, toxunma prosesinə isə 2 ay vaxt sərf olunub.

Xatırladaq ki, “Qasımuşağı” xalçaları Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalçalardır. "Qasımuşağı” xalçaları Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır.

Mərasimdə ölkənin tanınmış ictimai, siyasi və incəsənət xadimləri iştirak ediblər.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov tədbiri açıq elan edərək, hər kəsi salamlayıb. Qeyd edib ki, dəyişən və qloballaşan dünyada bizim milli-mənəvi irsimiz hesab olunan Qarabağ xalçalarını bütün dünyaya daha müasir tərzdə təqdim etmək, əslində, bu xalçalara olan marağı qat-qat artırır: “Qoy, müasir və müxtəlif rənglərlə göz oxşayan Qarabağ xalçaları dünyanın bütün nöqtələrində müasir interyerli məkanların ən dəyərli bəzəyi olsun! Bütün dünyanın artıq 11 ildir ki, UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına aid olan Azərbaycan xalçaçılıq sənətinin nadir incilərini müasir dizaynda görməsinin vaxtıdır”.

Mərasimdə çıxış edən Rəşad Ələkbərov deyib: “Mən klassik “Qasımuşağı” xalçalarında mübarizə, müharibə, qələbə elementləri görürəm. Layihələndirdiyim xalçalarda forma olaraq “Qasımuşağı” xalçasını əsas götürmüşəm. Rəng çalarlarının dəyişməsi isə əhval-ruhiyyə, baş verən proseslər və gələcək haqqında düşüncələrimin təzahürüdür”.

Xatırladaq ki, 4 rəngdə təqdim edilən və hər biri 4 kvadratmetr olan xalçalardan yalnız 44 sayda sifariş etmək mümkündür.

"Xalq qəzeti"

MƏDƏNİYYƏT bölməsi