Azərbaycan filminin Oskara namizədliyi təsdiqlənib

MƏDƏNİYYƏT
16 Noyabr
22:46

 Rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi 94-cü Akademiya Mükafatlarında (Oskar) Azərbaycanın namizədi olaraq təsdiq edilib. Azərbaycan Respub­likası Kinematoqrafçılar İt­tifaqının Oskar Komitəsinin seçimi ilə müəyyənləşən film “Xarici dildə ən yaxşı film” nominasiyasında Azərbaycanı təmsil edəcək.

“Daxildəki ada” filminin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, təsvir rejissoru Orxan Abbasov, baş prodüserləri Müşfiq Hətəmov, Kamal Həsənov və Rüfət Həsənov, icraçı prodüserləri Nadir Əliyev və Kamran Ağabalayev, müştərək prodüseri Giyom de Seydir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.

Qeyd edək ki, Oskar mükafatlarının təqdimat mərasimi 2022-ci il martın 27-də keçiriləcək.

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi