Nizami Gəncəviyə həsr olunmuş yeni nəşrlər

MƏDƏNİYYƏT
16 Noyabr
01:29

 

 

Bu günlərdə paytaxtımızda öz işini tamamlayan VIII Bakı Qlobal Forumu çərçivəsində Nizami Gəncəviyə həsr olunmuş iki kitabın təqdimatı keçirilib.

Nizami Gəncəvi Beynəlxalq Fondunun həmsədri, Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqa bildirib ki, bu il Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilib. Bu, böyük şairə, onun yaradıcılığına hörmət əlamətidir. "Mən çox şadam ki, Nizami Gəncəvi irsini araşdırdım. Müəllifi olduğum"Nizami Gəncəvinin "Yeddi gözəl" əsəri və ədəbiyyat barədə digər esselər" kitabımda 7 fəsil Gəncəvi yaradıcılığını əhatə edir", – deyə o, vurğulayıb.

Daha sonra təqdimatda fondun digər həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin çıxış edib. O, Nizami Gəncəvi Beynəlxalq Fondunun gördüyü işlər barədə danışıb: "Şadam ki, biz düşüncələrimizi, yanaşmamızı bölüşdük. Zamanın çətinlik və çağırışlarına cavab vermək üçün fikir mübadiləsi apardıq. Texnologiya imkan verir ki, bu gün bu foruma qatıla bilməyənlər də texnoloji vasitələrdən istifadə edərək tədbirə onlayn formatda qatılsınlar, öz fikirlərini bölüşsünlər".

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab Niderlandda türk və niderland dillərində nəşr olunub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Niderlandda fəaliyyət göstərən Hollandiya–Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb. Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarından birində nəşrin təqdimat mərasimi keçiriləcək.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

MƏDƏNİYYƏT bölməsi