Azərbaycan UNESCO-dan Qarabağdakı tarixi, mədəni və dini abidələrimizin işğal dövründə dağıdılmasına hüquqi qiymət verilməsini gözləyir

MƏDƏNİYYƏT
16 Noyabr
01:03

Bu ilin noyabr ayının 16-da UNESCO-nun yaranmasının 75 illiyi tamam olur. Belə ki, 1945-ci ilin məhz bu günündə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) yaradı­lıb. Londonda keçirilən konfrans dünyanın 37 dövlətinin imzaladığı nizamnaməni qəbul edib. Yeni təşkilat "bəşəriyyətin intellektual və mənəvi həmrəyliyini" gerçəkləşdirməyə kömək etməyi qarşıya əsas məqsəd qoyub.

Azərbaycan BMT-nin bu qurumuna 1992-ci il iyunun 3-də qoşulub. 29 ildən artıqdır ki, UNESCO ilə Azərbaycan ara­sında mövcud əlaqələr getdikcə genişlənir və müxtəlif fəaliyyət sahələrini əhatə edir. Azərbaycan təhsil, mədəniyyət, təbiəti mühafizə və idman sahələrində UNESCO-nun bir çox konvensiyalarına qoşulubdur.

Azərbaycanın dövlət siyasətinin sas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunub saxlanması ilə yanaşı, həm də dünya irsinin beynəlxalq səviyyədə müdafiə və mühafizə edilməsinə dəstək verilməsidir. Bu məqsədlə ölkəmiz müstəqillik əldə etdikdən sonra UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş, qurumun fəaliyyətinə öz töhfəsini vermişdir. 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi etmiş Azərbaycan eyni uğurla UNESCO-nun rəsmi tərəfdaşlığı ilə iki ildən bir Ümumdün­ya Mədəniyyətlərarası Dialoq Forumunu keçirir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilən qərara əsasən Azərbaycan bu mötəbər strukturun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edibdir. Belə ki, 30 iyun 2019-cu il tarixində Bakıda UNESCO-nun Ümumdün­ya İrs Komitəsinin 43-cü sessiyası keçirilib. Bütün bunlar isə Azərbaycanın dünya irsi obyektlərinin beynəlxalq miqyasda qorunub saxlanması məsələsində xidmətlərinin ta­nınması və qiymətləndirilməsinin sübutudur.

Azərbaycanın Birinci vitse-preziden­ti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun xoşməramlı səfiri adının verilməsi ilə Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq daha da intensiv xarakter alıb. Mehriban xanım Əliyevanın rəhbərliyi və yaxından diqqəti sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda maddi və qeyri-maddi mədəni irsin qorunması, o cümlədən Azərbaycan mədəniyyətinin dün­yada tanıdılması istiqamətində çox mühüm işlər görülməkdədir.

Bir neçə onilliklərdir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı hər il mədəni, ekoloji və ya tarixi dəyərinə görə populyarlaşdı­rılmalı və qorunub saxlanılmalı olan təbii və ya süni obyektlərin müəyyən edildiyi toplantılar təşkil edir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İr­sin Qorunması Komitəsinin 2009-cu ilin 28 sentyabr – 2 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən 4-cü sessiyasında Heydər Əliyev Fondunun prezidentinin səyləri sayəsində strukturun yekun qərarına əsasən Azərbaycanın Aşıq Sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ­Siyahısına daxil olunubdur.

Bundan əlavə, həmin sessiyada Novruz bayramı da UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siya­hısına daxil edilibdir. Bir sıra dövlətlərdə qeyd edildiyi nəzərə alınaraq, təşkilatın tövsiyəsi ilə bu bayram beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi UNESCO-ya təqdim olunubdur. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 30 iyun – 10 iyul 2019-cu il tarixlərində Bakıda keçirilən 43-cü sessiyası zamanı Xan Sa­rayı ilə birlikdə Şəkinin tarixi mərkəzi də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilibdir.

Mehriban xanım Əliyevanın mədəniyyət sahəsində fəaliyyətinin digər mühüm istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin, elminin və incəsənətinin görkəmli şəxsiyyətlərinin beynəlxalq miqyasda tanıdılmasıdır. Belə ki, 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və Parisdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Eyni zamanda Parisdə UNESCO çərçivəsində görkəmli kimyaçı-alim, akade­mik Yusif Məmmədəliyevin 100 illik yubileyi qeyd edilib, eləcə də dünya şöhrətli musiqi­çi Mstislav Rostropoviç və onun həyat yol­daşı, opera ifaçısı Qalina Vişnevskayanın birgə yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş albom və disklər buraxılıbdır.

2005-ci ildə Parisdə, UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondu­nun nəşr etdirdiyi “Qarabağ Xanəndələri” musiqi albomunun təqdimat mərasimi keçirilibdir.

Heydər Əliyev Fondu həm də təkcə Azərbaycanda deyil, xaricdə də mədəniyyət abidələrinin qorunmasına yönəlmiş çox mühüm humanitar və mədəni layihələr həyata keçirir.

2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Parisin Versal Sarayının par­kında nümayiş etdirilən Ümumdünya İrs Siyahısına daxil edilmiş iki abidənin bərpası buna sübutdur. Parisdəki Luvr Muzeyində İslam sivilizasiyasının memarlıq, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrinin nümayiş olunduğu yeni zalların yaradıl­masında da Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondu Fransanın Orne departamentindəki Sen-İler, Ferne-o-Sovaj, Sen-İler-La-Jerar, Tanville, Courjust, Reveyon, Mal yaşayış məntəqəsindəki X-XII əsrlərə aid yeddi kilsənin,14-cü əsrə aid Strasburq Kafed­ral kilsəsinin vitraj hissələrinin bərpasına yardım göstərmişdir.

Fond İtaliya və Vatikanda tarixi-mədəni yerlərin qorunması üçün də bir sıra layihələr həyata keçirib. 2016-cı ildə Heydər Əliyev Fondu tərəfindən Kapitolin Muzeyində müqəddəslər Marselino və Pietronun katakombaları, eləcə də Filo­soflar Zalı bərpa edilib. Daha sonra Fond, Vatikanda Müqəddəs Sebastyan katakom­balarının bərpasına da öz töhfəsini veribdir. İki il sonra Azərbaycanın Birinci vitse-prezi­denti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bütün xristian dünyası üçün əvəzsiz mədəni-tarixi əhəmiyyətə malik katakombaların açılış mərasimində iştirak edibdir.

Heydər Əliyev Fondu İkinci Dünya müharibəsi zamanı dağıdılmış və yandırıl­mış Berlin qəsrinin bərpası təşəbbüsünə qoşulmuş, 2011-ci il sentyabrın 29-da isə Mehriban xanım Əliyeva Berlin qəsrinin bərpası üçün ianə toplama kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun töhfəsi olaraq 50 min avro məbləğində pul çekini Berlin Qəsrinin rəhbərliyinə təqdim edibdir.

Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tarnovo şəhərində yerləşən “Trapezitsa” memarlıq-muzey qoruğunun bərpasını da qeyd etmək istərdim. Bu memarlıq incisinin və İkinci Bolqar Krallığı­nın mənəvi mərkəzinin bərpasına Heydər Əliyev Fondu mühüm töhfə veribdir. Belə ki, Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konserva­siyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçiribdir. Bolqarıstan və Şərqi Avropanın tarixi turizm mərkəzlərindən biri olan “Trapezitsa” Me­marlıq Muzeyi Qoruğunda konservasiya və bərpa işləri 10 ay davam etmişdir.

Bu layihə əslində Fondun bütün Balkan regionunda ən böyük mədəniyyət layihəsidir. 22 sentyabr 2016-cı il tarixində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Meh­riban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Trapezitsa” Memarlıq Mu­zeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.

Bundan əlavə, Fond təhsilə dəstək üçün çoxlu sayda sosial layihələr həyata keçririb, xüsusən Pakistan və Vyetnamda məktəblərin, Bosniya və Herseqovinada sosial mərkəzlərin tikintisi layihələrinə dəstək verib. Uzun illərdir ki, ölkəmiz istər Azərbaycanda, istərsə də qlobal miqyasda dünya mədəni irsinin bərpasına öz töhfəsini verir və ölkəmizlə UNESCO arasında tərəfdaşlıq əlaqələri daim yüksək səviyyədə inkişaf edir.

Azərbaycanın 44 günlük müharibədə qələbəsi regionda yeni reallıqların ya­ranmasına gətirib çıxardı ki, bu da bəzi siyasi dairələrdə narahatlıq yaradır və bu dairələr yeni vəziyyətlə barışa bilmirlər. Bu kontekstdə UNESCO öz mandatı çərçivəsində obyektiv və qərəzsiz fəaliyyət göstərməli olan hökumətlərarası təşkilat kimi bu nalayiq prosesə qarışıb və siyasi təzyiq vasitəsinə çevrilib.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə dağıdılmış və talan edilmiş mədəni irsin vəziyyəti və taleyi ilə bağlı Azərbaycan dəfələrlə məsələ qaldırmış, onun mühafizəsi üçün tədbirlərin görülməsi və bu ərazilərə missiya göndərilməsi xahişi ilə dəfələrlə UNESCO-ya rəsmi müraciət etmişdir. Təəssüf ki, bu müraciətlərin heç birinə adekvat cavab verilməyibdir.

1996-cı ildən etibarən rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində mədəni irsin talan edilməsi barədə UNESCO-ya məlumat vermiş, bu mədəni irsin Azərbaycana qaytarılmasını təmin etmək üçün tədbirlər görülməsini xahiş etmişdir.

2005-ci ildə UNESCO-nun 1995-2004-cü illər üçün “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının həyata keçirilməsi istiqamətində fəaliyyətə dair hesabatında Azərbaycanın vəziyyətlə bağlı UNESCO Katibliyinə məlumat verdiyi açıq-aydın göstərilib. Hesabatda Ermənistan tərəfindən bu ərazilərdə 927 kitabxananın, 60-dan çox məscidin, 44 məbədin, 473 tari­xi abidənin, saray və muzeyin dağıdılması, habelə qeyri-qanuni ixrac və 40 min muzey eksponatı, nadir sənət inciləri, əlyazmalar, miniatürlər, qiymətli Qarabağ xalçala­rı, xatirə əşyaları, tarixi bəzək əşyaları, arxeoloji nümunələrin xaricə satışı barədə məlumatlar öz əksini tapıb. Bu hərəkətlər mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və ötürülməsinin qadağan edilməsi və qarşısının alınması haqqında 1970-ci il tarixli UNESCO Konvensiyasına açıq şəkildə ziddir və onu pozur. Təşkilat 2020-ci ildən etibarən 14 noyabr tarixini Mədəni Əmlakın Qeyri-qanuni Ticarətinə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib, lakin buna baxmayaraq, biz bu qurumun işinin nəticəsini görmürük.

Daha sonra 2007-ci ildə “Azərbaycana qarşı müharibə – mədəni irsə hücum” kitabı hazırlanaraq UNESCO-ya təqdim edilib. Burada ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdıl­mış mədəniyyət və dini abidələrin siyahısı, onların qəsdən erməniləşdirilməsi, alban kilsələrinin erməni kilsəsi kimi təqdim edilməsi barədə ətraflı məlumatlar yer alıb.

UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıya səfəri zamanı Azərbaycan tərəfi belə bir missiyanın təşkilini ona təklif edibdir. Lakin Baş direktor daha sonra məsələnin izlənildiyini və mis­siyanın dəqiq vaxtını deyə bilməyəcəyini bildirib.

2016-cı ildə “Multikulturalizm ili” çərçivəsində UNESCO-nun mənzil-qərargahında Konfrans iştirakçılarının geniş auditoriyası qarşısında “Multikulturalizmin əhəmiyyəti və uğurlu Azərbaycan modeli” adlı konfransda çıxış edərək, ölkəmizin işğal olunmuş ərazilərində maddi, mədəni və dini irsin məhv edilməsi faktları barədə ətrflı məlumat verdim.

Həmin Konfransda Ermənistan tərəfindən Ağdam Cümə məscidindən hərbi məqsədlər üçün istifadə edilməsi barədə məlumatın daxil olduğunu, bununla da beynəlxalq hüququn, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının kobud şəkildə pozulduğu­nu qeyd etdim.

2018-ci ilin yanvarında təşkilatın işğal olunmuş ərazilərə missiyasının göndərilməsi məsələsi UNESCO-da və konkret olaraq xanım Odri Azule qarşısında qaldırılıb. Xanım Azule cavab vermişdir ki, UNESCO humanitar təşkilatdır və ona görə də siyasi məsələlərə qarışmır. Bütün bu müddət ərzində beynəlxalq ictimaiyyət, o cümlədən UNESCO Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz əməlləri barədə mütəmadi olaraq məlumatlandırılıb və UNESCO-nu mədəni irsin qorunması məsələlərinin siyasiləşdirilməsinə yol verməyərək, öz missiyasını müstəqil və obyektiv yerinə yetirməyə çağırıb. Təəssüflər olsun ki, Azərbaycanın töhfələri ilə mövcud olan bu beynəlxalq təşkilatın funksionerləri həmişə məsələlərə kəskin münasibət bildirməməyi üstün tutublar.

Bildiyiniz kimi, UNESCO-nun fəaliyyətinin ən mühüm istiqamətlərindən biri həm də ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi, eləcə də bu sahədə konkret proqramların həyata keçirilməsidir və bu sahədə mandatı möv­cuddur.

Bu məqsədlə1948-ci il oktyabrın 5-də Fontenbloda (Fransa) UNESCO-nun yardı­mı ilə Beynəlxalq Təbiəti Mühafizə İttifaqı­nın (IUCN) Təsis Assambleyası keçirildi. İndi bu İttifaq təbiətin mühafizəsi ilə məşğul olan qlobal təşkilata çevrilib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) özü­nün əsas məqsəd və vəzifələrini “gələcək üçün əsas təməl kimi təbiətin və xüsusilə biomüxtəlifliyin qorunması; təbii ehtiyat­lardan davamlı şəkildə müdrik istifadənin təmin edilməsi; cəmiyyətin biosferin qalan hissəsi ilə ahəngdar inkişafını təmin etməkdir.

Məsələn, dünya əhəmiyyətli arxeoloji abidə olan Azıx mağarasında, həm də Ağdamda Ermənistan qeyri-qanuni arxeo­loji qazıntılar apararaq, qiymətli tapıntıları Azərbaycandan kənara çıxarıb. İşğaldan əvvəl bu ərazilər 228 min hektara yaxın meşə ilə örtülmüşdüsə, işğaldan sonra bu illər ərzində 100 min hektar meşə sahəsi yandırılaraq, Qarabağın flora və faunası­na böyük ziyan vurulmuşdur. Meşələrin qırılması və yanğınlar heyvanların yaşayış yerlərini məhv edibdir. Digər tərəfdən, heç də az əhəmiyyət kəsb etmədən Araz, Bəsitçay, Bərgüşadçay və Oxçuçayda qəsdən baş vermiş çirklənmələr ekoloji fəlakət yaradıbdır. Onlar ekoloji nəzarətdən kənarda qalıb və uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumat əldə etmək mümkün olmayıbdır. Hazırda apa­rılan monitorinqlərin nəticələrinə əsasən müəyyən edilib ki, bu çaylar Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizi emalı zavodla­rının təmizlənməmiş sənaye suları ilə ağır metallarla güclü çirkləndirilib. Təəssüf ki, UNESCO yenə də bu məsələdə prinsipial­lıq və qətiyyət nümayiş etdirmir.

44 günlük Vətən müharibəsi dövründəAzərbaycan Prezidenti İlham Əliyev xarici KİV-lərə 30-dan çox eks­klüziv müsahibə verib, Ermənistanın Azərbaycanın mədəni, tarixi və dini irsinə təcavüzü problemini qaldırıb.

Biz UNESCO-dan məsələni siyasiləşdirmədən ədalətli və qərəzsiz mövqe gözləyirik. Onun mandatını, sağlam düşüncəsini, dialoq ruhunu, xoşməramlılığını və gələcək nəsillər qarşısında məsuliyyət hissini rəhbər tutaraq, Qarabağdakı tarixi, mədəni və dini abidələrimizə hüquqi qiymət verməsini diləyirik. Arzu edirik ki, belə bir faciə bir daha dünyanın heç bir yerində təkrarlanmasın!

UNESCO-nun keçmiş rəhbərinin təbirincə desək, “Dinlərin simvolları arasın­dakı incətarazlığın pozulması müqəddəs inanclara hörməti sarsıda bilər”.

Aytən QƏHRƏMAN,

 filologiya elmləri doktoru,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri

MƏDƏNİYYƏT bölməsi