Mədəniyyət naziri: “Korkut Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcək

MƏDƏNİYYƏT
13 Noyabr
15:15

Sizi sevindirmək istəyirəm ki, “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalı 2023-cü ildə doğma Şuşamızda keçiriləcək. Şuşa, eyni zamanda, türk dünyasının 2023-cü il mədəniyyət paytaxtı elan ediləcək. Bununla bağlı gələn il qərar qəbul ediləcək. Lakin biz bunu gözləmədən artıq 2023-cü ildə “Korkut Ata” film festivalına ev sahibliyi etməyimizə dair təklifimizi verdik və bu, təsdiq olundu. Biz də 2023-cü ildə türkdilli dövlətlərin nümayəndələrini Şuşada qarşılayacağıq.

Bu fikirləri ölkəmizin mədəniyyət naziri Anar Kərimov İstanbulda media nümayəndələrinə açıqlamasında bildirib.

İlk dəfə Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilən “Korkut Ata” film festivalı haqqında danışan nazir deyib: “Türkiyə Respublikasının təşəbbüsü ilə türk dünyasının “Korkut Ata” film festivalı keçirilir. Burada bütün türkdilli dövlətlərin nümayəndələri, nazirlər, eyni zamanda, kino sahəsində çalışan insanlar da iştirak edirlər. Burada bütün türkdilli dövlətlərin nazirləri olaraq çox vacib birgə bir bəyannamə imzaladıq. Bəyannamədə bu festivalın davamlı, mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, 2022-ci ildə festival Türkiyənin Bursa şəhərində keçiriləcək. Çünki Bursa türk dünyasının mədəniyyət paytaxtı seçilib”.

Türkdilli dövlətlərin mədəniyyət nazirləri tərəfindən imzalanan birgə bəyannamə haqqında məlumat verən nazir deyib: “Sənəddə çox önəmli türk filmləri üzrə birgə fondun yaradılması məsələsi nəzərdə tutulur. Birgə kino çəkilişləri məsələsi var və təlim-tədris, bu sahədə çalışan insanların birgə təcrübə mübadiləsi aparılması və öyrənilməsi məsələləri də bəyannamədə əks olunub. Ümumiyyətlə qeyd etmək istərdim ki, bu təşəbbüs çox önəmlidir. Çünki bizim ortaq tariximiz, mədəniyyətimiz, dəyərlərimiz var. Biz bu dəyərləri nəinki türk dünyasında, eyni zamanda, beynəlxalq səviyyədə tanıtmalıyıq. Bunun da ən effektiv və gözəl vasitəsi kino, seriallardır. Bu səbəbdən hesab edirik ki, bu festival və imzalanan bəyannamə bu sahə üzrə türk respublikalarının əməkdaşlıqlarına gözəl bir təkan verəcək. Bu, bir başlanğıcdır və davam etdiriləcəyinə əminəm”.

MƏDƏNİYYƏT bölməsi