Gürcüstanda 100 min uşaqda koronavirus aşkarlanıb

XARİCİ XƏBƏRLƏR
13 Noyabr
02:00

 

 

Son vaxtlar dünyanın əksər ölkələrində olduğu kimi, Gürcüs­tanda da koronavirus infeksiyasına yoluxanların sayı artmaqdaır. Son sutka ərzində ölkədə daha 4 445 nəfər koronavirusa yoluxub, 77 nəfər pan­demiyanın qurbanı olub. Məlumatı “Sputnik Qruziya” verib.

Gürcüstan hökumətinin rəsmi saytında yerləşdirilmiş məlumata görə, bu günədək ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 775 826-ya, müalicə olunaraq sağalanların sayı 708 820-yə, ölənlərin sayı isə 10 816-ya çatıb.

Məlumatda bildirilir ki, hazırda ölkədə 1324 nəfər klinik otellərdə, 55 nəfər karantin rejimində, 601 nəfər isə özünütəcrid rejimindədir. Daha 47 984 nəfər isə ev şəraitində müalicə olunur.

Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin verdiyi məlumatda isə qeyd edilir ki, ölkədə pandemiya başlayandan bu günə qədər 100 min uşaq koronavirusa yoluxub. Onlardan 8 nəfəri pandemiyanın qurbanı olub.

Qamkrelidzenin sözlərinə görə, Gürcüstanda koronavirusa yoluxan 700 mindən çox insanın 100 minini uşaqlar təşkil edir. Bu da olduqca təhlükəli tendensiyadır.

Mərkəz rəhbəri uşaqların peyvəndlənməsi ilə bağlı valideynlərə müraciət edib və onlardan uşaqlarını koronavirusa qarşı peyvənd etdirməyə dəvət edib.

O əlavə edib ki, vaksinasiya olunmuş insanlar peyvənd vurdurmayan insanlardan 9 dəfə az yoluxur. Peyvənd olunan insanlar arasında ölüm halları da olduqca azdır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi