Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyevdən

MƏKTUBLAR
10 Noyabr
14:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizi Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi və Gürcüstanda yaşayan azərbaycanlılar adından Zəfər Günü - Qarabağ torpaqlarının işğaldan azad edilməsinin ildönümü münasibətilə ürəkdən təbrik edirik.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması naminə yorulmaz fəaliyyətinin Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində ölkənin ərazi bütövlüyü bərpa edildi. 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən uğur təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının tarixi nailiyyətidir.

Bu böyük Qələbə Sizin uzaqgörənliyiniz, müdrik rəhbərliyiniz və dəqiq planlarınız, həmçinin cəsarətiniz, şücaətiniz və son məqsədə çatacağınıza qəti inamınız sayəsində əldə edildi. Bu Qələbə bir daha bütün dünyaya sübut etdi ki, Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır. Bütün dünya Azərbaycan xalqının öz dəyərlərinə necə sahib çıxdığını gördü. Siz xalqa müraciətlərinizdə dəfələrlə düşmənə yumruq göstərmisiniz. Sizin “dəmir yumruğunuz” birliyimizin rəmzinə çevrildi.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi və Azərbaycan xalqını bir daha bütün soydaşlarımız adından təbrik edirik. Sizə möhkəm cansağlığı, həyata keçirdiyiniz daxili və xarici siyasətdə uğurlar arzu edirik.

Dərin hörmətlə,

 

Orxan Pirverdiyev

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru

Gürcüstan, Tbilisi

MƏKTUBLAR bölməsi