Azərbaycan qalib dövlət kimi Qarabağı yenidən dünyanın ən gözəl məkanlarından birinə çevirir

SİYASƏT
3 Noyabr
00:55

 

 

Tarixi faktlar göstərir ki, uzun illər ərzində əzəli Azərbaycan torpaqlarında – Qərbi Azərbaycanda, Qarabağ və ətraf rayonlar­da yaşayan azərbaycanlılara qarşı düşmən tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti yürüdülüb, soydaşlarımız doğma yurdlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. “Böyük Ermənistan” xül­yası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalıblar.

Onu xüsusi qeyd edim ki, SSRİ-nin süqutundan dərhal sonra Ermənistan havadarlarının köməyi ilə Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı, nəticədə ölkəmizin ərazisinin, təqribən, beşdəbirini işğal etdi, zəbt olu­nan torpaqlarda və Ermənistanın öz ərazisində bir milyondan artıq azərbaycanlı etnik təmizlənməyə məruz qaldı. Bu təcavüz zamanı mül­ki azərbaycanlı əhaliyə qarşı insanlıq əleyhinə cinayətlər, o cümlədən, soyqırımı aktları törədildi.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurdu­ğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Ordumuzun Vətən müharibəsində Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində keçən il noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Azərbaycan parlaq qələbənin ilk addım səslərini isə noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz sərkərdə İlham Əliyev nail oldu.

Döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayan­dırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitul­yasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Pre­zident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.

Birgə bəyanatda Ermənistan öz üzərinə Azərbaycanın işğal altın­da olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağı öhdəliyini götürdü və buna əməl etdi. Bu isə haqqın qələbəsi, ədalətin təntənəsi idi.

Bütün bunlar, əlbəttə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı müharibənin – işğaldan azadetmə əməliyyatının məntiqi nəticəsi idi.

Bu məqamda qeyd etmək istərdim ki, Azərbaycan tarixinə bu parlaq səhifələri yazmaq heç də asan olmadı. Ermənistan və onun hava­darları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Lakin bütün bu maneələrə baxmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün çətinliklərə müdrikliklə sinə gərərək onların hamısını aradan qaldırdı.

Azərbaycan Prezidenti Vətən müharibəsindən sonra keçmiş məcburi köçkünlərlə görüşlərinin birində onlarda hər zaman güclü iradə, yenilməzlik, dövlətə sədaqət gördüyünü, eyni zamanda, gözlərində nisgil, həsrət nəzərə çarpdığını da qeyd edərək, artıq buna son qoyul­duğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. İndi bütün dünya görür ki, mənfur düşmən bu torpaqları hansı vəziyyətə salıb. Bizim bütün bina­larımız dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, muzeylərimiz talan edilib, təbiətimizə böyük ziyan vurulub, məscidlərimiz dağıdılıb, təhqir edilib. Azad edilmiş torpaqlarda yarıdağıl­mış məscidlərdə vəhşi düşmən bizi təhqir etmək üçün, bizim qürurumuza toxunmaq üçün donuz saxlayırdı. Amma biz onların qisasını artıqlaması ilə aldıq. Xocalı qurbanlarının da qisa­sını aldıq, şəhidlərimizin də qisasını aldıq”.

Ermənistanın ölkəmizə qarşı belə vəhşiliyi, barbarlığı heç də təsadüfi deyildi. Düşmən əzəli-əbədi tarixi torpaqlarımızdan, necə deyərlər, iz-tozumuzu silməklə işğalçılıq siyasəti ilə əldə etdiyi ərazilərimizin unudu­lacağını, əsl sahiblərinin bir daha bu yerlərə dönməyəcəklərini düşünürdü. Dövlətimizin başçısının vurğuladığı kimi, “onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmaya­caq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda… Bütün buraları bərpa edəcəyik... Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrast­ruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldıla­caq və həyat qayıdacaq”.

Artıq işğaldan azad olunan ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı layihələrin real­laşdırılması sürətlə həyata keçirilir. Dövlətimizin başçısı tərəfindən erməni barbarlığının qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməli qo­yulur, tikinti işləri getdikcə vüsət alır.

Prezident İlham Əliyev Qarabağın bərpası məqsədilə bir sıra mühüm sənədlər imzalayıb, müvafiq təsisatlar yaradıb, aidiyyatı qurumlara tapşırıq­lar verib.

Azərbaycan Prezidentinin tapşırığı ilə hazırda sosial-iqtisadi, humanitar, hüquqi və digər məsələlər üzrə yara­dılan işçi qrupları, hazırlanan Strateji Fəaliyyət Planı əsasında nəzərdə tutulan işlər bütün istiqamətlər üzrə planlı və kompleks yanaşma əsasında reallaşdırılır.

Prezident İlham Əliyevin işğaldan azad edilən şəhər və rayonlarımıza ardıcıl səfərləri çərçivəsində bərpa ilə bağlı qarşıya qoyduğu vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər xarabaya çevrilən kənd və şəhərlərimizin qısa müddətdə gülüstana çevriləcəyindən xəbər verir.

Onda onu da deyim ki, tarixi Zəfərin birinci ildönümü ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində qeyd ediləcək. Bu təntənələrdə bütün xalqımız, eləcə də ədliyyə və məhkəmə işçiləri öz sevinclərini bölüşəcək, eyni zamanda, möhtəşəm qələbənin ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli sərkərdə fəaliyyətinin, müdrik siyasətinin məntiqi nəticəsi olduğunu dilə gətirəcək, Vətən müharibəsində canı-qanı ilə parlaq qələbə əldə edən şəhidlərimizə Allahdan rəhmət diləyəcək, qazilərimizə cansağlığı arzulayacaqlar.

Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi başlanan gündən ədliyyə və məhkəmə işçiləri də döyüşlərə könüllü qoşularaq, böyük fədakarlıq, misilsiz şücaət göstəriblər və ölkə Prezidenti tərəfindən 100-dən çox medalla təltif olunublar. Ədliyyə Nazirliyinin kollektivləri hərbçilərimizə, qazilərə və şəhid ailələrinə ilk gündən öz dəstəyini əsirgəməyiblər, Silahlı Qüvvələrimizin Yardım Fonduna, “YA­ŞAT” və Qarabağ Dirçəliş fondlarına könüllü vəsaitlər köçürüblər.

Tahirə ƏSGƏROVA,

Ədliyyə Nazirliyi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin rəisi

SİYASƏT bölməsi