Peşə bayramımızı ikiqat sevinclə qeyd edəcəyik

SOSİAL HƏYAT
2 Noyabr
08:40

 

 

Bu ay respublikamızın ədliyyə işçiləri ikiqat sevinc hissi yaşayacaqlar.Onlar xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin ildönümünü –Zəfər gününü və ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunmuş ədliyyə işçilərinin peşə bayramını təntənə ilə qeyd edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımı­zı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə tarixi qələbə qazanmışdır.

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir neçə kəndi, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının kəndləri də daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Bu, tarixdə analoqu olmayan bir qələbə idi.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğa­lından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya sənədini imzalaması ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərancamla xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxı­mından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabrın Azərbaycan Respublikasın­da Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycanın müstəqillik yolu çox çətin sınaqlardan keçmiş, ötən əsrin 90-cı illərinin əvvəllərində xalqımız səriştəsiz idarəçiliklə, ölkədaxili xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü ilə üzləşmişdir. Ulu öndər məhz belə bir ağır dövrdə – 1993-cü ildə müstəqilliyimizin itirilməsi ilə üz-üzə qalan xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmış və öz tarixi missiyasını yerinə yetirmişdir. Dahi şəxsiyyətin apardığı siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanıldı, dövlətlə xalqın birliyi təmin edildi, bütün sahələrdə demokratik islahatlara başlanıldı, güclü dövlətin sarsılmaz təməli qoyuldu. Müasir Azərbaycanın memarı və qurucusu olan ulu öndərin təşəbbüsü ilə başlanan hüquqi dövlət quruculuğu, məhkəmə-hüquq islahatları pro­sesi Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş 22 no­yabr – Ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunur.

1918-ci il noyabrın 22-də Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Nizamnaməsi təsdiq edilib. Məhz buna görə də ulu öndər Heydər Əliyev həmin tarixi ədliyyə işçilərinin peşə bayramı kimi elan edib. Bu tarix təkcə ədliyyə işçiləri üçün deyil, eyni zamanda, bütün hüquqşünaslar üçün əlamətdardır.. Ölkəmizin ədliyyə sis­teminin inkişafı və təkmilləşdirilməsi daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə sahəsində tətbiq olu­nan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bu dəyişiklikləri öz gündəlik həyatlarında da açıq-aşkar hiss edərək qiymətləndirirlər.

Beləliklə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 103 illik tarixi dövr ərzində zəngin, keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə gəlib çatıb, dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilib, səlahiyyətləri xeyli genişlənib, cəmiyyətdə nüfuzu daha da yüksəlib. İldən-ilə ölkəmizdə aparılan hüquqi islahatlarda biz ədliyyə işçilərinin də fəal iştirak etməsi qürurverici hal olmaqla, bizdə fərəh hissi yaradır. İnanırıq ki, bu uğurlar davamlı olacaq.

Rəvanə CƏFƏR,

Ədliyyə Nazirliyi Xəzər Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən

SOSİAL HƏYAT bölməsi